Akif Əlizadə: "Bəzi elmi məktəblər bir qədər daralır, hətta itmək üzrədir"

Akif Əlizadə: "Bəzi elmi məktəblər bir qədər daralır, hətta itmək üzrədir"

"Son 7 ildə Azərbaycan Milli Elmlər Akademiyasında seçkilər keçirilməyib. Bu da bəzi çatışmazlıqlara səbəb olur, çətinliklər yaradır. Çətinliklərdən birincisi odur ki, bəzi prioritet istiqamətlər akademiyanın elmi fəaliyyətində zəifləyir". SİA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə AMEA üzvlüyünə seçkilər üzrə keçirilən ümumi yığıncaqda çıxışı zamanı deyib.

AMEA-nın prezidenti çıxışı zamanı onu da bildirib ki, Akademiya kadr hazırlığında çətinlik çəkir: "Bəzi elmi məktəblər də bir qədər daralır, hətta itmək üzrədir. Bu baxımdan AMEA-da seçkilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Son zamanlar akademiyanın Rəyasət Heyəti çox mühüm problemləri, məsələləri öz iclaslarında müzakirəyə çıxarır. Həmin məsələlərin nəticələri qərar kimi qəbul olunur. 10 ildən artıqdır ki, dövlətimiz uğurlu yolla inkişaf edir. Ondan əvvəl qoyulan möhkəm özül iqtisadiyyat, mədəniyyət, elmin inkişafı bu gün çox sürətlə davam etdirilir".

Akademik həmçinin əlavə edib ki, son 4-5 ildə akademiyada maddi-texniki bazanın təkmilləşdirilməsi, möhkəmlənməsi üçün dövlət tərəfindən təxminən 15 milyon manata qədər pul xərclənib: "Bu gün akademiyanın bütün bölmələri lazımi maddi-texniki bazaya malikdir. İndi akademiya qarşısında məsələ qoyulur ki, onlardan səmərəli və prioritet istiqamətlərə xidmət etmək üçün istifadə olunsun".

Bütün xəbərlər Facebook səhifəmizdə