“Məqsəd vaxtilə Azərbaycandan aparılan tarixi sənəd nümunələrini ölkəmizə qaytarmaqdır” MÜSAHİBƏ (FOTOLAR)

“Məqsəd vaxtilə Azərbaycandan aparılan tarixi sənəd nümunələrini ölkəmizə qaytarmaqdır” MÜSAHİBƏ (FOTOLAR)

İlqar Hüseynov Sankt Peterburqda yaşayan sadə bir azərbaycanlıdır. 1965-ci ildə Naxçıvan şəhərində doğulub. Uşaq-gənclər idman məktəbinin yetirməsidir.

1№-li orta məktəbin 8-ci sinfini bitirdikdən sonra boks üzrə Azərbaycan yığma komandasına dəvət olunub.

10-cu sinfi Bakı şəhərində yerləşən Respublika təmayüllü internat-məktəbini bitirdikdən sonra 1981-ci ildə Leninqrad (Sankt-Peturburq) şəhərinin yığma komandasının məşqçiləri tərəfindən Leskaft adına Bədən Tərbiyəsi və İdman Universitetində oxumaq üçün dəvət olunub.

1981-ci ildən Sankt Peterburq( Leninqrad) şəhərində yaşayır. Bir sıra kommersiya şirkətlərinin koordinatorudur və unikal şəxsi kolleksiya sahibidir. Hazırda Azərbaycan Respublikası Peşəkar Boks Federasiyasının Vitse-Prezidenti və Respublika Ağsaqqallar Şurasının üzvüdür.

- İlqar müəllim, hazırda nə işlə məşğulsunuz?

- Bizneslə və dünya xalqlarının tarixi sənət nümunələri, unikal eksponatları araşdırıb toplanması ilə məşğul oluram.

- Eşitdiyimizə görə sizin təhqiqat qrupunuz dünya ölkələrində olan və Azərbaycana məxsus tarixi sənəd nümunələrinin araşdırması ilə məşğuldur və onları ölkəmizə qaytarmaq cəhdləri edirsiniz?

- Bilirsiniz, təhqiqat qrupu deyəndə, onlar mənim uzun illər dostluq etdiyim müxtəlif peşə sahibləridir. Əsasən alimlər, hüquqşünaslar, şəxsi kolleksiya sahibləri və iş dünyasının adamlarıdır. Onların hər biri dünyada böyük əlaqələri olan insanlardır.

2007-ci ildən bu yöndə işlər görürük. Mən bir neçə tarixçi alimlə görüşmüşəm və cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlarla fikir mübadiləsi aparmışam. Bu qənaətə gəlmişik ki, Azərbaycanda tariximizə böyük həvəs var və insanlarımız Azərbaycan muzeylərinin daha zəngin olmasını arzulayırlar.

Biz bu gün müstəqil ölkəyik və müstəqilliyimizin nəyin bahasına başa gəldiyini hər bir azərbaycanlı dərindən dərk etməlidir. O cümlədən bizim qədim tariximizi, sərkərdələrimizi, elm xadimlərimizi, sənət ustalarımızı öyrənməliyik.

Möhtərəm prezidentimiz Cənab İlham Əliyev və xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bütün dünyada Azərbaycanın gerçəkliyini yüksək səviyyədə tanıdırlar.

Xatırlatmaq istəyirəm ki, Sovetlər İttifaqı dövründə, 1982-ci ildə ulu öndərimiz Heydər Əliyevin cəsarətli təşəbbüsü ilə Türk dünyasının görkəmli şairi Hüseyn Cavidin cənazəsi uzaq Sibirdən gətirilərək öz doğma vətənində - Naxçıvanda dəfn edildi və bu cəsarətli addım biz gənclərə mühüm bir örnək oldu.

Bu gün bizim əsas məqsədimiz Azərbaycan tarixi sənəd nümunələrini Azərbaycana qaytarmaqdır. Hansı ki, Azərbaycan ustalarının yaratdığı bir çox sənəd nümunələri əsrlər, illər boyunca Azərbaycandan talan olunmuşdu. Araşdırmalarımız onu göstərir ki, dünya ölkələrinin şəxsi kolleksiyalarında və muzeylərində olan Azərbaycanın milli sərvətləri, digər xalqların adına yazılıb, saxtalaşdırılıb sərgilərə çıxarılır.

- Bizim tarixi sənət nümunələrimizi Azərbaycana qaytarmaq mümkündürmü? Buna necə nail olmaq olar?

- Gəlin belə danışaq, mümkün olmayan həyatda heç nə yoxdur. Bunun üçün sadəcə öz vətənini sevməli və onun tarixinə hörmət, rəğbət bəsləməli, bir az da cəsarətli olmaq lazımdır. Bu bizim milli, mənəvi, dəyərlərimizdir. Bizim tariximiz namusumuz, qeyrətimizdir. Tariximiz çox zəngindir, bizim qürur mənbəyimizdir. Qeyd etmək istəyirəm ki, bir neçə ölkənin şəxsi kolleksiyası sahibləri ilə danışıqlar aparırıq.

- İlqar müəllim, əgər sirr deyilsə iş sisteminiz və eksponatların sübutu haqqında bir neçə kəlmə deyərdiniz.

- Danışıqlardan öncə dostlarımızdan eksponat haqqında bir neçə məlumat alırıq və onun üstündə ekspertlərimiz işləyirlər. Məsələn, bu yaxınlarda Avropa ölkələrindən birindən XVI əsrə aid olan sufi rəhbərlərinin birinin qılıncı haqqında bilgilər almışıq. Tiyəsinin üzərində metal oyma üsulu ilə işlənmiş quran ayələri və islam simvolları mövcuddur. Bizim ekspertlərin rəyinə görə, bu ənənə Azərbaycanda I Şax İsmayıl tərəfindən qoyulmuşdur. Silah Azərbaycan ustaları tərəfindən düzəldilib. Bu sənət nümunəsi ölkəmizə gətirilərsə Azərbaycanın milli sərvəti hesab oluna bilər.

Şəki ustalarının XVIII əsrin axırlarında düzəltdiyi kovaleriya qılıncının tiyəsi üzərində gümüş ornamentlərlə, metal oyma üsulu ilə aypara və ulduz simvollu və buta ornamenti həkk olunmuşdur. Bu islam türk dünyasına aid olan simvollardır. Onu da qeyd edim ki, Naxçıvan xanı Ağasəlim Vələd Hacı Xanın (1743-1755) qılıncında (şakasında) həmin simvollara rast gəlirik.

Bu simvollarla olan silahlara Türkiyədə, İranda və Şimali Qafqazda rast gəlmək olur. Mükəmməl soyuq silahlarımıza İngiltərədə, İsveçdə, ABŞ-da, Fransada, Əfqanıstan, İran, Yəmən, Orta Asiya və digər ölkələrdə rast gəlinir. Bizim təhqiqatçılarımızın məlumatlarına əsaslanaraq qeyd edim ki, Azərbaycanda istehsal olunmuş Şərqin ən mükəmməl silahlarının tiyələrində metal oyma üsulu ilə Əsədulla adı həkk olunmuşdur.

(XII-XVII əsr) Əsədulla adı XVIII əsrin Türk və Fars ustalarının düzəltdiyi qılınclarda rast gəlmək olur. Əsədulla adı ilə düzəldilmiş soyuq silahlar XII-XIX əsrlərə kimi rast gəlinir. Bu da onu sübut edir ki, Əsədulla nəsli XVII əsrdən XIX əsrə qədər nəsildən nəslə silah düzəltmə ənənəsini davam etdirir.

Fəxr etmək olar ki, Azərbaycanda 700 illik nəsillər mövcud olmuşdur. Bu sənət nümunələrinin hər biri ölkəmizə gətirilsə Azərbaycanın milli sərvəti hesab oluna bilər. Nəriman Nərimanovun sözü ilə desək, "babalarımızın yaşadığı torpaqlar o vaxt vətənimiz hesab edilə bilər ki, onun sahibi olaq".

- İlqar müəllim, kolleksiyanızda hansı tanınmış şəxslərə aid əşyalar və yaxud silah nümunələri var?

- Kolleksiya əsasən Avropa və Rus imperiyalarına aid olan unikal soyuq silahlardan ibarətdir. Onlardan bir neçəsini qeyd edə bilərəm. Romanovlar ailəsinə aid olan Dəməşq poladından Zlatoust fabrikinin dahi ustaları tərəfindən düzəldilmiş qızıl silah Rus Çarı II Nikolayın sərəncamı ilə böyük knyaz N.N.Romanova təqdim olunmuşdur.

Deyim ki, qızıl silah Rus İmperiyasının ən mükəmməl ali mükafatlarından biridir.

Bu günlərdə Fransa səfiri Paskal Mönye ilə görüşümüz oldu və mən ona kolleksiyamızda olan Fransa kralı XIV Lüdovikin sarayından sifariş olunmuş dahi silah ustası Klişa Martın XVII əsrin ortalarında (1660-1670) düzəltdiyi unikal Şpaqa (qılınc) haqqında materiallar təqdim etdim. Yaxın günlərdə Azərbaycanda toplanmış şəxsi kolleksiyamızın kataloqu çap ediləcək. Kataloqda dünya xalqlarına və Azərbaycana aid olan soyuq silahlar haqqında məlumat olacaq.

- Beynəlxalq qurumlarla əlaqələriniz haqqında nə deyə bilərsiniz?

- Uzun illərdir ki, BMT-nin qurumları ilə işgüzar və dostluq əlaqələrimiz mövcuddur. Bu işlərlə əlaqədar bizə böyük kömək göstərirlər. Dünyanın bir neçə ölkəsində şəxsi muzey sahibləri ilə əlaqə saxlayırıq. Xarici və yerli mütəxəssislərimizlə daima ünsiyyətdə oluruq.

- Gələcək planlarınız nələrdir?

- Yaxın günlərdə kataloqun buraxılışı gözlənilir. Azərbaycan oxucuları şəxsi kolleksiyamızda toplanmış dünya xalqlarına məxsus olan unikal soyuq silahlar haqqında məlumat alacaqlar.

Bizim əsas məqsədimiz Azərbaycan ustalarının yaratdığı sənət nümunələrini ölkəmizə qaytarmaq, onları kataloqlaşdırıb cəmiyyətə çatdırmaqdır.

Adolf Hitlerin şəxsi şəncəri və medalları

Bütün xəbərlər Facebook səhifəmizdə