“Milli Qəhrəmanlarımız - qürur mənbələrimiz” mövzusunda tədbir keçirilib

“Milli Qəhrəmanlarımız - qürur mənbələrimiz” mövzusunda tədbir keçirilib

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə "Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma" İctimai Birliyi tərəfindən yaradılmış Şəhidlər muzeyində "Milli Qəhrəmanlarımız - qürur mənbələrimiz" mövzusunda tədbir keçirmişdir.

İctimai Birlikdən bildirmişlər ki, tədbirdə Qarabağ müharibəsinin iştirakçıları keçdikləri şərəfli döyüş yollarından söhbət açmış, müharibə təəssüratlarını bölüşmüşlər. Həmin qanlı-qadalı illərin canlı şahidi, ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak edən keçmiş döyüşçü Əlövsət Qasımov 1988-1994-cü illərdə Qarabağda gedən ağır döyüşlərdə erməni faşistlərinin xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışdır.

Əlövsət Qasımov qanlı faciələri əks etdirən fotoşəkilləri, xatirələri, vətənpərvərlik fəaliyyətini göstərən sənədləri toplamışdır. O, hələ 1991-1992-ci illərdə bir neçə dəfə Naxçıvana gedərək ümummilli lider Heydər Əliyev ilə görüşmüş, Ulu Öndərin dəyərli tövsiyələri və göstərişləri əsasında müharibənin dəhşətli faciələrinin sənədləşdirilməsi, tarixin saxtalasdırılmaması naminə real faktların gələcək nəsillərə çatdırılması üçün yorulmadan fəaliyyət göstərmişdir.

Ə.Qasımov erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyənləşdirmişdir. O, eyni zamanda, erməni quldurları tərəfindən tanınmaz hala salınan, min bir işgəncəyə məruz qalan şəhidlərimizin hər birinin fotoşəklini çəkərək, erməni vandalizmini ifşa edən tarixi fotosalnamə yaratmışdır.

Şəhidlər muzeyində olarkən bu fotosərgiyə baxan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri müharibənin dəhşətlərini Əlövsət Qasımovun dilindən eşitmişlər.

Tədbirdə daha sonra "Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma" İctimai Birliyinin icraçı direktoru Leyla Məmmədrzayeva da görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşmüşdür.

Görüşdə muzey üçün alternativ bina layihəsinin hazırlanması və səyyar sərgilərin təşkilində kömək etməyə hazır olduqlarını deyən Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli Əlövsət Qasımova belə bir muzeyi yaratdığı üçün minnətdarlığını bildirmiş və ona "Miras"ın dostu" plaketi təqdim olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə