Piyada-sürücü münasibətlərində maarifləndirmə işi

Piyada-sürücü münasibətlərində maarifləndirmə işi

(Piyada və sürücü mədəniyyəti: qarşılıqlı inam və etimadın təbliği)

Yaxşı bir deyim var, "yol mədəniyyətdir" və yaxud "mədəniyyət yoldan başlayır". Əgər yolumuzun mədəni olmasını istəyiriksə, öncə yollarımızdakı hərəkət iştirakçılarının mədəni olmasını təmin etməliyik. Bir sözlə, məsələyə kompleks yanaşsaq, həm yol infrastrukturunun yaradılmasında, həm də ondan istifadə edilməsində insan faktoruna, vətəndaşların marağına önəm verməliyik.

Xarici ölkələrdə çox oluruq. Orada yolların inşa edilməsində, piyada-sürücü münasibətlərində özəllikləri görəndə "bizdə niyə belə deyil" deyə hərdən təəssüflənirik də. Xaricdə yol iştirakçıları arasında daha çox piyadaların nəzərə alınması da bizə maraqlı gəlir. Bəzən ahıl adamların, uşaqlı qadınların zolaqlı keçidlərdən 10-15 dəqiqə keçə bilmədiklərini görəndə sürücülərə münasibətimiz heç də xoş olmur. Piyadalara sürücülərin etinasız münasibəti, əlbəttə təkcə dövlət qurumlarından asılı olan məsələ deyil, bilavasitə sürücü-piyada münasibətlərindən, qarşılıqlı hörmətdən, daha doğru desək sürücü mədəniyyətindən asılıdır. Bir məsələni xatırladaq ki, piyadaların vurulması ilə baş verən yol qəzalarında heç kim "piyada maşını vurdu" demir, əksinə "maşın piyadanı vurdu" deyir və əksər hallarda sürücülər günahkar sayılır. Bu faktı deməklə sükan arxasında olan vətəndaşların məsuliyyət yükünün nə qədər çox olduğunu diqqəti yönəltmək istəyirik.

… Bir qrup jurnalistlə Səudiyyə Ərəbistanında səfərdə idik. Ər-Riyad şəhərinin gəzməli yerlərindən birində maraqlı və örnək olası bir hadisəyə şahidlik etdik. Maşınların və piyadaların intensiv olduğu bir küçədən keçəndə diqqətimi bir hadisə cəlb etdi. Piyadalar yolun kənarına yaxınlaşan kimi bütün maşınların hərəkəti dayanır, piyadaların sonuncusu keçənə qədər bir maşın belə yerindən tərpənmir. Bu mənzərəni uzun müddət seyr etdim. Bu bir özəllik idi, sürücülərlə piyadaların mədəniyyət mübadiləsi idi. Bizim Bakıda da piyadaların yerüstü keçidi üçün yerlər var, ora da zolaqlar çəkilib. Amma, çox təəssüf ki, sürücülərin bəziləri bu işarələrə məhəl qoymurlar. Ayağını zolağın üstünə qoymağın kifayət edər ki, tükürpədici əyləc səsini eşidəsən və bunun ardınca sürücü tərəfindən "mükaflandırılasan". Niyə biz yol mədəniyyətini lazımınca mənimsəyə bilmirik?

Əlbəttə, son illər paytaxt Bakı şəhəri də daxil olmaqla Azərbaycanın hər bir guşəsində yeni yolların, yeraltı və yerüstü piyada keçidlərinin, körpülərin, yeraltı avtomobil keçidlərinin inşa edilməsində sanki bir inqilab baş verib. Dövlət başçısı İlham Əliyevin regionlara səfəri çərçivəsində ilk növbədə həmin rayonlarda yeni salınmış yolların açılışının şahidi oluruq. Bu gün ən ucqar kəndlərimizə belə müasir standartlara cavab verən yollar çəkilir, körpülər salınır. Eyni zamanda, cənab prezident yeni yolların salınması barədə yeni sərəncamlar verir və Prezidentin Xüsusi Fondundan əlavə vəsaitlər ayırır. Buradan da görünür ki, yol infrastrukturlarının salınması və yenidənqurulmasında ölkə Prezidenti bilavasitə maraqlıdır. Belə olan təqdirdə, həm sürücülərin, həm piyadaların, həm də yol hərəkətinin tənzimlənməsinə birbaşa cavabdeh olan yol polisinin qanunlarımıza lazımi şəkildə riayət etməmələrinin səbəbi nədir?

Mən piyadaların yolun qadağan olunmuş hissəsindən keçmələri, piyadaların xəsarət almaları ilə nəticələnən qəzaların baş verməsi və polisin qəza baş verənə qədər atacağı addımlar haqqında fikirlərimi söyləmək istəyirəm. Əvvəla, Bakıda yol hərəkətinin tənzimlənməsində paytaxt polisinin müstəsna rolu var. Onların apardığı möhtəşəm işlərdən biri də yollarda qəzaların baş verməsində statistik rəqəmlərin qismən azalmasıdır. Məhz bu ürəkaçan məlumatı polis əməkdaşlarının ayağına yazmaq lazımdır. Onların səyi nəticəsində avtomobil qəzalarının, piyada ölümlərini sayı azalıb. Amma…

Amma polisin gördüyü işlər yetərli deyil. Əgər hərəkətin digər iştirakçıları - sürücü və piyadalar qəzaların baş verməsində hələ də aktivlik nümayiş etdirirlərsə, onda polisin fəaliyyətinin heç bir əhəmiyyəti olmur. Bəzən polis-sürücü, polis-piyada münasibətləri o qədər anlaşılmaz olur ki, hər iki tərəf özünü haqlı sayır. Halbuki, yol hərəkəti haqqında qanun və yol işarələri haqda kiçik bilgi kifayətdir ki, hər şey yoluna düşsün.

Son vaxtlar şəhərin bəlli yerlərində polislərin yol işarələrindən düzgün istifadə etməyən, yeraltı piyada keçidləri əvəzinə avtomobillərin intensive hərəkət etdiyi yollardan keçən piyadalarla mübahisələrinin şahidi oluruq. Polis həmin şəxsləri piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçmədikləri üçün cərimələyir. Bəzən on nəfər piyada birdən qaydaları pozur, polis onlardan yalnız iki ya üç nəfərini cərimələyə bilir. Haqlı narazılıq yaranır: "o biri piyadaları niyə cərimələmədiniz", "indiyə qədər bu yolla keçirdik, niyə bizə "burdan keçmək olmaz" deməmişdilər", "niyə yol nişanı yoxdur", "bəlkə ilk dəfə xəbərdarlıq edəsiniz, bir kiçik lövhəcik vurasınız, ya da televiziyalarda, mətbuatda bir maarifləndirici veriliş, yaxud məqalə ilə çıxış edəsiniz, ondan sonar cərimələr kəsəsiniz" kimi çıxışlar edilir.

… Başıma gələn bir hadisəni danışım. Neftçilər prospektinin Parkİnn-Park Bulvar hissəsində piyadaların keçməsi üçün zolaq var idi. O keçidin özəlliyi onda idi ki, istənilən vaxt piyada zolaqla keçmək istəyəndə maşınların hərəkəti dayanırdı. Bəzən sürücülərdən bir-ikisi hövsələsizlik edib qaydaları pozsa da, əksər hallarda piyadaların keçməsi üçün heç bir məhdudiyyət yox idi. Bu yoldan keçməyə o qədər adət etmişdik ki, polis əməkdaşlarının bizi saxlayıb cərimələyəcəyini ağlımıza da gətirmirdik. Amma bu baş verdi. Məni və rəfiqəmi 20 manat cərimələdilər. Nə qədər israr etsək də yüz metr uzaqlıqda yeraltı keçidin artıq istifadəyə verildiyini əsas gətirib cəriməni yazdılar. Ondan sonar bir daha həmin yoldan keçmədik.

Polisləri başa düşmək olar, inzibati cəza olmasa piyada ölümləri bundan dəfələrlə çox olar. Amma qayda pozuntularının çox olduğu, insanların dünənə qədər daha çox istifadə etdikləri yerlərdə polisin işi daha çox maarifləndirmək üzərində qurulsa yaxşı olar, nəinki qaydaları pozub yolu keçən piyadanı yolun o biri başında cərimələmək. Halbuki, piyadaya yol hərəkəti qaydalarını pozmağa şərait yaratmaq və onu haqlı olaraq cərimələmək çıxış yolu deyil. Çünki, cərimə olunmuş piyada belə polisin gözə dəymədiyini görüb həmin əməllərini yenidən təkrarlayır. Deməli cərimələmək yeganı maarifləndirmə metodu deyil.

Bundan başqa, biz "insanların adət etdikləri yol" kəlməsini nahaq yerə işlətmədik. Belə bir misal var, deyir hansı yol işarəsinin altında daha çox qayda pozuntusu olursa, deməli həmin işarə səhv vurulub. Piyadaların keçidini yasaqlayan hansı yolda daha çox qayda pozulursa və bu davamlı xarakter alırsa, o yolda keçidin qoyulması barədə düşünmək lazımdır.

Bir az da sürücülər barəsində. Hərəkət iştirakçılarını ən aktivi olan sürücülərin peşə mədəniyyətini üzə çıxarmaq üçün qalın kitablar oxumaq yox, bir dəfə Bakının küçələrini gəzmək, ya da maşınını Quba istiqamətinə sürməyin kifayət edər. Elə gün olmur ki, Bakıdan Rusiya sərhədinə qədər olam beton yolda qəza olmasın. Düşünürsən, ikihərəkətli yolda maşınların qəza törətməsi nədən baş verməlidir. İlk ağlımıza gələn sürət həddidir. Bəli, məhz sürət həddini aşdıqları səbəbindən sürücülərin əksəriyyəti qəza törədirlər. Hətta Bakının mərkəzində də bu hallara tez-tez rast gəlirik. Bəzi sürücülərlə apardığımız söhbət zamanı onlar vaxt itkisini aradan qaldırmaq üçün belə addım atdıqlarını bildirirlər. Tıxacların sürücülərin əsəblərinə təsir edən ən böyük amil olduğunu deyənlər də var.

Bu il yanvarın 1-dən bu günə qədər paytaxtda yol hərəkəti qaydalarını pozan 71 min piyada Bakı Şəhər Yol Polisi əməkdaşları tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunub. DİN-in Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, məsuliyyətə cəlb edilən piyadaların əksəriyyəti isə yaşı 20-50 arasında olan vətəndaşlardır.

Hər il dünyada 1,4 mil yon nəfər yol nəqliyyat hadisələri nəticəsində ölür. Qəza zamanı aldıqları xəsarət nəticəsində ömürlük əlil olan hərəkət iştirakçılarını da bura əlavə edəndə yol qəzalarının artıq faciə halını aldığı aydın görünür.

Mütəxəssislərin sözlərinə görə, yol qəzalarının başlıca səbəbi piyadaların yol hərəkəti qaydalarına əməl etməməsidir. Hazırda Bakıda yol təhlükəsizlik aylığı ilə bağlı keçirilən reydlərdə məlum olub ki, əksər vətəndaşlar piyadalar üçün təyin edilmiş keçidlərindən çox az istifadə edir. Statistikaya əsasən bu ilin üç ayında baş verən yol nəqliyyat hadisələrinin 46 faizi piyadaların vurulması ilə nəticələnib və Dövlət Yol Polisi əməkdaşlarının sözlərinə görə, qəzaların baş verməsində başlıca səbəb həm sürücülərin, həm də piyadaların məsuliyyətsizliyidir.

Məlumat üçün bildirək ki, bu günlərdə paytaxta keçirilən müşavirədə sözü gedən məsələ bir daha müzakirə mövzusu olub. Aparılan araşdırmalar zamanı aydın olub ki, yollarda və küçələrdə yol hərəkətini tənzimləyən işarə və nişanlarının olmaması, ya da lazımi yerlərdə qoyulmaması qəzaların sayının artmasına gətirib çıxarıb. Eyni zamanda, yollarda avtomobillərin surətlə idarə edilməsi də qəzaların sayını artıran amillərdə hesab olunub.

Əlbəttə ölkədə yol nəqliyyat qəzalarının artması təəssüf doğurur. Paytaxtın elə küçələri və prospektləri var orada hər gün piyadaların vurulması qeydə alınır. Məsələn, Babək və Nobel prospektlərində demək olar ki, hər gün piyadaların ölümü ilə nəticələnən hadisələr baş verir. Bu gün Bakıda avtomobillərin sayı sürətlə artır. Bu isə o deməkdir ki, hər gün yollar təcrübəsiz sürücülər çıxır. Bu da öz növbəsində bəzən ağır yol qəzaların gətirib çıxarır. Eyni zamanda sürücülərin spirtli içkilər qəbul edib rol arxasında oturmaları da çox vaxtlar ağır yol qəzaları ilə nəticələnir.

Amma yaradılmış şərait, inşa edilmiz yol infrastrukturları hamının – sürücünün, piyadanın və yol polisinin işini asanlaşdırıb. Bircə qalır qanunlara, yol hərəkəti qaydalarına ciddi əməl etmək. Tıxacın yaranması da, piyadaların iştirakı ilə baş verən qəzalar da, sürücü-piyada münasibətlərindəki neqativ hallar da hərəkət iştirakçılarının hər birindən asılıdır.

Gəlin qanunlarımıza hörmət edək ki, qəzalara şahidlik etməyək!

Samirə Abdullayeva

"Yazı Baş Dövlət Yol Polisi İdarəsinin, Azərbaycan Mətbuat Şurasının və "Polisə dəstək" İctimai Birliyinin "Yol polisi, təhlükəsiz yollarımız" mövzusunda birgə keçirdikləri müsabiqəyə təqdim olunmaq üçün verilir"

Bütün xəbərlər Facebook səhifəmizdə