Təlimlərin iştirakçılarına sertifikatlar verilib

Təlimlərin iştirakçılarına sertifikatlar verilib

İyunun 27-də Vergilər Nazirliyinin Çağrı Mərkəzində "Universal Çağrı Mərkəzi" layihəsi çərçivəsində təşkil olunmuş təlimlərdə iştirak etmiş dövlət qurumlarının nümayəndələrinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.

Nazirliyin analitik-informasiya şöbəsindən bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları Vergilər Nazirliyinin Çağrı Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.

Tədbiri açan Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov qeyd etmişdir ki, ölkədə sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Layihənin icrasına 2010-cu ildən başlanmış, sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzinə qoşulacaq qurumlar kimi Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu müəyyən edilmiş, Vergilər və İqtisadiyyat və Sənaye nazirliklərinə bu qurumlara 195 Çağrı Mərkəzinin bazasında metodiki kömək göstərilməsi tapşırılmışdır.

Yaradılacaq xidmət barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu ilin may ayında Universal Çağrı Mərkəzinin loqo və şüarının müəyyən edilməsi üçün müsabiqə elan olunmuş, müsabiqəyə 113 logo və 354 şüar təqdim edilmişdir. Hazırda həmin işlərdən ən yaxşısının müəyyənləşdirilməsi üçün qiymətləndirmə aparılır. Çağrı mərkəzlərinin keyfiyyətli və operativ xidmət göstərməsində insan amilinin əhəmiyyətini nəzərə alaraq, həm sıravi əməkdaşların, həm də idarəedici heyətin iki istiqamətdə - qanunvericilik və Çağrı Mərkəzinə dair xüsusi təlim keçməsi nəzərdə tutulmuşdur. Qanunvericilik sahəsindəki təlimlər hər bir dövlət qurumunun özü tərəfindən həyata keçirilir, Cağrı Mərkəzinə dair digər təlimlərin isə Vergilər Nazirliyinin təşkilatçılığı ilə icraçı şirkət tərəfindən təşkil olunması planlaşdırılmışdır.

Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəis müavini Məhəmməd Yunusov Universal Çağrı Mərkəzinin yaradılması və onun icrası sahəsində görülmüş işlər, layihə çərçivəsində keçirilmiş təlimlər barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, bununla əlaqədar olaraq xarici ölkələrdən də dəvət olunmuş mütəxəssislər tərəfindən nəzərdə tutulan təlimlərdən bir qismi artıq keçirilmişdir. Təlimçilər tərəfindən iştirakçıların bu sahədə fəallığı təhlil edilərək iştirak səviyyəsinə uyğun olan sertifikatlar hazırlanmışdır.

Sonra 7 dövlət qurumundan təlimə qatılmış 100-ə yaxın nümayəndəyə sertifikatlar təqdim edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə