Hacı Surxay Məmmədli: “Ramazan ayı insanlığın kamilləşməsinin təzahürü kimi qeyd olunur” MÜSAHİBƏ
Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədlinin SƏS TV-yə müsahibəsi
- Ramazan ayının müqəddəsliyi nədən ibarətdir?
- Ramazan yeganə aydır ki, o Quranda səslənir. Heç bir ayın adı Ramazan kimi səslənməyib. Bəqərə surəsində Allah Təala bariz şəkildə qeyd edir və buyurur ki, bu ayın mübarəkliyi və müqəddəsliyi ondadır ki, bu ayda Allah Təala Quranı Kərimi yerə üzünə nazil edib. Bu ayın gözəlliyi və şərəfliliyi ondadır ki, bu ayda Allah Təala öz lütfünü yer aləminə endirib. Ramazan ayı barışıq ayı hesab edilir ki, bu da ayın əsas gözəlliklərindən biridir. Bu ay həmçinin yardımlaşma, insanlığın kamilləşməsinin təzahürü kimi də qeyd olunur. Bu baxımdan Ramazan dolu bir aydır ki, insan 11 ayda qazandığı günahları məhz bu ay da rəhmət yağışı vasitəsilə təmizləyir.
- Bu ay insanlar yalnız ac qalmaqlamı imtahana çəkilir?
- Ramazan ayı tək mədənin boş qalması demək deyil. Allah Təala bu ay yalnız bizdən mədənin boş qalmasını istəmir. Allah Təala Ramazan ayında mədənin yerinə ağıl və ruhumuzun məntiqini, kamilləşməsini istəyir. Əgər bu gün bizim mədəmiz boş qalarsa, biz yalnız mədəmizin boş qalmasından başqa heç nə əldə edə bilməyəcəyik. Mədənin boş qalması külli halda götürsək insanın Allahla təmasını yarada bilməyəcək. Məhz Ramazan ayında mədənin boş qalması, eyni zamanda gözün, qulağın naməhrəmdən, dilin xəta və günahlardan qorunması kimi də təqdim olunur. Ramazan ayının böyüklüyü mədənin boş qalmasında deyil, bütün bədən üzvlərinin Allaha təslim olunması deməkdir. Ramazan ayının böyüklüyü də ondan ibarətdir ki, insan bu ayda mədəsini deyil, bütöv varlığını Allaha təslim edir. Bəzən insanlarda belə bir düşüncələr var ki, imsakdan iftara qədər ac qalıramsa, heç nə yemirəmsə oruc tutmuş oluram. Hətta bəzən orucu arıqlamaq məqsədilə tutanlar da var. Belə insanlar elə düşünürlər ki, ac qalmaqla guya özünü Allaha təslim etmiş olurlar. Bəziləri ac qalmaqla yanaşı, qeybət edir, yalan danışır, xoşagəlməyən ifadələr işlədir. Bütün bunlar orucun Allah dərgahında qəbul olunmasına bir pərdə çəkir. Nəticə etibarı ilə bir daha vurğulamaq istəyirəm ki, mədənin boş qalması oruc tutmaq demək deyil.
- Artıq bir neçə ildir ki, Ramazan ayı məhz yay fəslinə təsadüf edir. Bilirik ki, suya olan tələbat baxımından digər fəsillərə nisbətən yayda oruc tutmaq daha çətindir. Bunu nəzərə alsaq yayda oruc tutmağın nə kimi fəzilətləri var?
- Hədislərdə qeyd olunur ki, insan isti və hərarətli bir vaxtda oruc tutursa, Allah Təala onun hər bir dəqiqəsinə böyük savablar yazar. Hətta Allah Təala Peyğəmbərlərinə Cəbrayil vasitəsilə buyurmuş ki, hər kim Ramazan ayında hərarətli havada oruc tuta, onun iç dünyası susuzluqdan yanarsa, and olsun mənim izzəti cəlalıma behiştin ən ali təbəqəsində ona yer verib, kövsərin ən gözəl sularından içirdərəm. O sular ki, cənnətin bir suyudur, hansı ki baldan şirin və süddən ağdır. Allah Təala isti havada oruc tutanlara axirət mükafatı verir. Susuz qalmaqla insanın iradəsi möhkəmlənir. Yay fəslində imsak vaxtı ilə iftar arasında 16-17 saat zaman var. Bu zaman hər bir insan üçün imtahandır. Hər kəs bu imtahanla üz-üzə gəlməli, səbr etməli, iradəsini ortaya qoyaraq bir daha sübut etməlidir ki, Allahım mən həqiqətən də sənin bəndən olmağa çalışıram.
- Müəyyən xəstəliyi, fiziki qüsuru olan kəslər oruc tutmaqdan azaddırlar. Onlar savab qazanmaq üçün nə etməlidirlər?
- Bu məsələ gündəmdə olan bir məsələdir. Allah Təala Quranı Şərifdə buyurur ki, xəstə olduğunuz və ya səfərdə müsafir olduğunuz zaman oruc tutulmamalıdır. Bu cür hallar istisnadır. Əgər insan müsafirdirsə, həmin gün yemək yeyəcək və sonra hər bir gününə oruc tutacaq. Əgər xəstədirsə, o zaman Ramazandan sonra hər bir gününə qəza orucu tutacaq. Lakin insan sağlamdırsa, heç bir xəstəliyi, qüsuru yoxdursa və bilərəkdən yemək yeyirsə, o zaman həmin insan hər bir gününə 60 gün oruc tutmalıdır. Bir ay mütəmadi, ikinci ay isə iki gündən bir olmaqla 30 gün oruc tutmalıdırlar. O ki qaldı sizin sualınıza kim ki oruc tuta bilmir, çalışmalıdır ki möhtacı olanlara, aclara maddi, sosial yardım etsin. Oruc tutmayan insan ehtiyacı olan insanlara, kimsəsizlərə kömək etməlidir. Hədislərin birində qeyd edilib ki, iftar zamanı oruc tutan insanı dəvət edib ona bir xurma verirsənsə, Allah Təala həmin xurmanın fəzilətini birə min yazacaq. Bundan əlavə Ramazan ayında yaxınların qəbirlərini ziyarət etmək, əgər valideynlərin sağdırsa, onları ziyarət edib görüşünə getmək, küsülüləri barışdırmaq və digər bu kimi şeylər fəzilət verər.
- Oruc tutanlar arasında xanımlar da kifayət qədərdir. Xanımların bu ayda kosmetik vasitələrdən istifadə etməsi orucu pozarmı?
- Allah gözəldir və gözəllikləri sevir. Bütün gözəlliklər insanlığa xasdır. Xüsusilə xanımların gözəl geyinməsi, bəzəkdən, kosmetik vasitələrdən istifadə etməsi qəbul ediləndir. Əlbəttə, bu gözəlliklər onun məhrəminin qarşısında olmaq şərtilə. Əgər bir insan öz gözəlliyini kimlərinsə baxması üçün təzahür edirsə, bu cəhənnəm odundan başqa bir şey deyil. Xanımlara tövsiyə xarakterli onu söyləyə bilərəm ki, onlar oruc olan zaman kosmetik vasitələrdən istifadə edə bilərlər. Kosmetik vasitələr orucu batil edən amillərdən deyil. Orucu batil edən bir neçə şərtlər, amillər var ki, onlardan da biri xanımların bədənlərinə əzələdaxili deyil, damarlara iynə vurmasıdır. Proteinlərin damar vasitəsilə bədənə ötürülməsi orucu batil edən amillərdən sayılır. Əzələ daxili iynə isə orucu batil etməz.
- Bəs ətriyyatlar?
- Ətriyyatlara gəlincə isə İslami baxımından məkruh deyilir, yəni xoşagəlinmir, bəyənilmir. İnsanlar bilməlidirlər ki, Ramazan ayında oruc tutan zaman ətirdən istifadə edə bilər. Orucu batil etmir, amma məkruhdur, bəyənilmir. Ətriyyatlardan istifadəyə zaman-zaman icazə verilib. Peyğəmbərimiz ən gözəl ətirlərdən istifadə edib. Mömin gözəl geyinməli, gözəl ətirlərdən istifadə etməlidir.
- Dərman preparatlarından istifadə edənlər oruc tuta bilərmi?
- Ümumiyyətlə dərman və həb qəbul edən insanlar Ramazan ayını nəzərə almalıdırlar. Bəzi həkimlər xəstəliyin əlaməti olaraq deyirlər ki, gün ərzində 3 dəfə dərman qəbul edilməlidir. Lakin bu məsələlərdə həkimlə məsləhətləşmək lazımdır ki, dərmanı səhərçağı imsak və axşam iftardan sonra atmaq mümkün olsun. Lakin elə xəstəliklər var ki, bu mütləq müalicə olunmalıdır, əks halda xəstəlik ağırlaşa və ya müddəti uzana bilər. O zaman həmin insanın oruc tutmaq səlahiyyəti yoxdur. Bəziləri söyləyirlər ki, mən orucam həbi quru-quru, yəni sudan istifadə etmədən qəbul edirəm. Bu, yolverilməz haldır. Əgər dərman boğazdan keçirsə, orucu batil edər. Ramazan ayında müəyyən həblərdən yalnız imsak və iftar vaxtı qəbul etmək olar.
- Bəzən söylənir ki, çimmək, ağızı yaxalamaq orucu pozar siz bu haqda nə deyə bilərsiniz?
- Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, Peyğəmbərimizin bizə tövsiyəsində deyilir ki, İslamı yüngülləşdirin, onu çətinləşdirməyə çalışmayın. İslamı sevdirin, İslamda nifrət yaratmayın. Bəzi insanlar o qədər vasvasıdırlar ki, onlar deyirlər ki, hətta ağız boşluğunda olan suyu udmaq orucu batil edər. Lakin bu belə deyil, ağız boşluğunda olan suyu uda bilərik və bu orucu batil etməz. Kənardan gələn suyu udmaq orucu batil edər. Şəriətdə Ramazan ayında çimməyin heç bir günahı yoxdur və orucu da batil etməz. Bu şərtlə ki bütövlükdə özünü suya daxil etməyəsən. Yuyunan zaman hər kəs çalışmalıdır ki, boğazına su getməsin. Başını suya salmaq orucu batil edə bilər. Çünki müəyyən dəlikdən su daxilə gedə bilər və bu zaman insan özü bilmədən orucunu batil edə bilər. Oruc tutan zaman dişləri yumaq, ağız boşluğunu su ilə yaxalamaq orucu batil etmir.
- Ramazan ayında toy və ya şadyanalıq etmək haqqında nə deyə bilərsiniz?
- Quran Ramazan ayının gözəl olduğunu qeyd edir. Bu ay Allahın ayıdır. Bu ay bayramdır, gözəllikdir. Ramazanda toy etməklə bağlı mənə dəfələrlə suallar verilir. Mən bir daha qeyd edirəm ki, toyu hər zaman etmək olar. Bu şərtlə ki, Allah bəyənən toy olsun. Allahın haram buyurduğu şeylər toyda olmasın. Əgər allahın haram buyurduqlarından süfrəyə qoyacaqsansa, əlbəttə ki bu yolverilməzdir. Bu ay bayram ayı olmaqla yanaşı, İmam Əlinin qızı Fatimeyi Zəhranın ömür gün yoldaşının şəhid olması ilə xatırlanır. Bunu nəzərə alsaq əlbəttə ki, bu ayda toy etməsək, daha yaxşı olar.
- Ramazan ayında kolbasa və sosislərdən istifadə etmək olarmı?
- Qafqaz Müsəlmanlar İdarəsinin bir neçə ay bundan əvvəl keçirdiyi konfransında bununla bağlı bəyanatı olub. Ət və ət məhsullarının kəsimi ilə bağlı idarədə ekspert şöbəsi də ayrılıb. Həmin şöbə bu məsələni xüsusi nəzarətdə saxlayır. Kolbasalar çoxçeşidlidir. Lakin onlardan bir neçəsinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən halal sertifikatı verilib. Buna bizim icazəmiz var. Əgər kolbasada QMİ-nin sertifikatı varsa, onu yemək mümkündür. Onlardan mən özüm də istifadə edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB