Prezident İlham Əliyevin AŞPA-da çıxışı müzakirə olunmaqdadır

Prezident İlham Əliyevin AŞPA-da çıxışı müzakirə olunmaqdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında müstəqillik illərində Azərbaycanın inkişaf yolu, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan nəhəng enerji layihələri, dövlətmizin daxili və xarici siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məzmunlu çıxış edib. Prezident AŞPA deputatlarının suallarını da cavablandırıb. Azərbaycan Prezidentinin qətiyyətli çıxışı AŞPA deputatları, ekspertlər, yerli və xarici KİV-lər tərəfindən yüksək qiymətləndirilib. Mövzu ilə bağlı millət vəkillərinə müraciət etdik.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva:

- Cənab Prezidentin AŞPA-dakı çıxışından qürur duyduq. Çıxışdan sonra nümayəndə heyəti üzvləri olaraq Prezidentimizlə görüşdük və təbriklərimizi çatdırdıq. Deyərdim ki, Cənab Prezidentin çıxışı dostları sevindirdi, düşmənləri isə üzdü. Məndən öndəki sırada əyləşən Ermənistan nümayəndə heyətinin üzvləri əsəblərini cilovlaya bilmirdilər. Prezidentin Qarabağla bağlı çox ciddi mesajları da onlara hərtərəfli zərbə vurdu. Prezidentin "Hər kəs bilməlidir ki, Azərbaycan uzun illər oturub vəziyyətin bu cür davam etməsini gözləməyəcək" sözünün altındakı mesajı fikrimcə, anlamayan olmadı.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə:

- Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışı öz məzmun yükü ilə çox dəyərli idi. Onun beynəlxalq təşkilata Azərbaycanda gedən proseslərlə bağlı verdiyi geniş məlumat bütün politoloji tələblərə cavab veriridi. Belə ki, verilən sualları özünəməxsus cavablandırması ilə auditoriya qarşısında ciddi və demokratik əqidəli bir siyasi xadimin durduğuna dəlalət edirdi. Prezidentimizin Azərbaycanın demokratik cəmiyyət quruculuğunda qazandığı nailiyyətlər barəsində dedikləri real faktlara əsaslanırdı və orada iştirak edən xarici ölkə deputatlarının bir qismi ölkəmizə səfər zamanı özləri bunun şahidi olublar. Cənab Prezidentin bəzi ermənipərəst deputatların verdiyi provokasiyalı suallara cavabları da qətiyyətli idi və həqiqətə söykənirdi. Təcrübəli bir siyasətçi kimi Cənab İlham Əliyev suallardan qaçmayaraq onlara layiqli cavab verirdi. Təsadüfi deyil ki, sual-cavabdan sonra bir çoxları Ona yaxılaşaraq Onunla qürur duyduqlarını bildirirdilər. Ölkə başçısı Strasburqdakı çıxışı ilə növbəti dəfə Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qoruduğunu və Azərbyacanın dünyanın ayrılmaz bir hissəsi olduğunu sübut etdi.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Asim Mollazadə:

- Prezident İlham Əliyev AŞPA-dakı çıxışında Azərbaycanın strateji proqramını açıqlamaqla bərabər Azərbaycan-Avropa əməkdaşlığına da toxundu. Çıxışı zamanı ən əsası Ermənistanın təcavüzkar siyasətini pisləməsi ilə onların beynəlxalq təşkilatlar qarşısında götürdükləri öhdəlikləri hələ də yerinə yetirməməkdə günahlandırdı. Cənab Prezident öz nitqində ermənilərin simalarını bir daha açıq aşkar dünyaya göstərdi. Düşünürəm ki, AŞPA üçün Ermənistandan fərqli olaraq Azərbaycan bütün mənası ilə istər strateji, istər mədəniyyət, istərsə də sivilizasiya baxımından daha maraqlı dövlətdir.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva:

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış etməsi, ölkəmizin milli maraqlarından irəli gələn məsələləri Avropanın siyasi ictimaiyyətinin diqqətinə çatdırması həm dövlətimizin praqmatik siyasətinin yüksək səmərəliliyini, həm də dövlətimizin başçısının harizmatik lider kimi keyfiyyətlərini bir daha aktuallaşdırmış olur. Azərbaycan Prezidentinin yüksək kürsüdən ölkəmizin uğurlarını səsləndirməsi, eyni zamanda, torpaqlarımızı işğal etmiş Ermənistanı tezliklə ərazilərimizdən çıxmağı tələb etməsi də Azərbaycan dövlətinin gücündən, qüdrətindən və beynəlxalq nüfuzundan xəbər verir. Ümumiyyətlə, dünya siyasətini müəyyənləşdirən beynəlxalq siyasi birliklərdə Azərbaycana sözünü demək üçün geniş imkanların yaradılması faktı bir sıra məqamlara da işıq tutmuş olur. Birincisi, bu gün Azərbaycan demokratik inkişafın keyfiyyətcə yeni mərhələsindədir. Ölkəmizdə insan hüquqları ilə bağlı suallar yoxdur, konstitusiya və qanunvericilik səviyyəsində vətəndaşların fundamental azadlıqları təmin edilib. Eyni zamanda, Azərbaycanda siyasi islahatlarla yanaşı, sosial-iqtisadi reformaların da reallaşdırılması ölkəmizdə insanların maddi rifah halını da yüksəldib, yoxsulluq və işsizlik aradan qaldırılıb, bir sözlə, dünya ictimaiyyəti dövlətimizi müasir və inkişaf etməkdə olan ölkə kimi tanıyır. İkincisi isə, hazırda Azərbaycan dünyanın enerji xəritəsinin dəyişdirilməsində mühüm aktor kimi çıxış edir. Xüsusilə də, ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsində vacib dövlət kimi qəbul edilməsi Azərbaycanın siyasi, iqtisadi və diplomatik çəkisini də artırmış olur. Bütün bu faktorları nəzərə alaraq, bir daha Azərbaycanın nüfuzu və əhəmiyyəti diqqət önünə gəlir. Bu mənada, Azərbaycan Prezidentinin AŞPA-dakı çıxışı da ölkəmizin gücünün və qlobal əhəmiyyətinin göstəricisi oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə