Qorxmaz Hüseynov işçilərinə mükafatları təqdim edib FOTO

Qorxmaz Hüseynov işçilərinə mükafatları təqdim edib FOTO

Prezident İlham Əliyevin sərəncamları ilə "Əməkdar mühəndis" fəxri adına və "Tərəqqi" medalına layiq görülən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov təltif olunan əməkdaşları təbrik edərək bildirib ki, son illər su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoyub: "İstehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə miqyasında genişmiqyaslı işlər görülüb, mühüm layihələr həyata keçirilib. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış su təchizatı layihələrinin icrasında su təsərrüfatı işçilərinin böyük xidmətləri olub. Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla hər il iyun ayının 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı təsis edilib.

Prezident İlham Əliyevin iyun ayının 4-də imzaladığı sərəncamlarla isə su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə "Azərsu" ASC-nin 3 əməkdaşı "Əməkdar mühəndis" fəxri adına layiq görülüb, 16 əməkdaşı isə "Tərəqqi" medalı ilə təltif olunub. Bu il ilk dəfə olaraq su təsərrüfatı işçiləri peşə bayramını qeyd ediblər. Peşə bayramı gününün təsis edilməsi və bir qrup əməkdaşımızın yüksək dövlət mükafatlarına layiq görülməsi su təsərrüfatı işçilərinin əməyinə verilən böyük qiymətdir. Ölkə başçısının bu qərarı "Azərsu" ASC-nin çoxminli kollektivində böyük ruh yüksəkliyi və mənəvi stimul yaradıb".

Sonra "Əməkdar mühəndis" fəxri adına layiq görülən "Azərsu" ASC-nin "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərova, "Birləşmiş Sukanal" MMC-nin direktor müavini Vəli Həsənova və Səhmdar Cəmiyyətin departament rəisi Bahadur Kəngərliyə, həmçinin "Tərəqqi" medalı ilə təltif olunan 16 əməkdaşa müvafiq mükafatlar təqdim edilib.

Fəxri ad və medallarla təltif olunmuş əməkdaşlar su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər qeyd etmişlər ki, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə su təsərrüfatı işçiləri bundan sonra da öz töhfələrini verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə