Rusiyanın Ulyanovsk şəhərində fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəbinin ilk buraxılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, həftənin bazar günləri bu məktəbdə "Ana dili – yeni dünya" proqramı əsasında dərs alan şagirdlər artıq məktəbin məzunu olublar. Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Gülnarə Mustafayevanın sözlərinə görə, əksəriyyəti Rusiyada doğulub böyüməkdə olan bu uşaqlar öz vətəninə, tarixinə, ana dilinə, adət-ənənələrinə, xalqının mədəniyyətinə böyük maraq göstərir. Ötən müddət ərzində onlar Azərbaycan əlifbasını öyrənib, ana dilində sərbəst yazıb oxumağı mənimsəyiblər. Uşaqlar deyir ki, ana dilini öyrənmək onlara valideynləri və azərbaycanlı dostları ilə ünsiyyət qurmaqda kömək edib.
Ümümrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin sədri İslam Hüseynov və sədr müavini Qənbər Cahangirov ana dilini, mədəniyyətini və milli ənənələrini öyrənmək istəyən şagirdlərə təşəkkür edib. İslam Hüseynovun sözlərinə görə, məktəbdən öncə uşaqların çoxu Azərbaycan dilini bilmirdi: "Məhz burada onlar Azərbaycan dilini öyrəndilər, vətənin, eləcə də, digər xalqların tarixi ilə tanış olmaq imkanı qazandılar".
Çıxışlardan sonra məzunlar Azərbaycan bazar günü məktəbinin diplomları ilə təltif olunublar. Şagirdlər isə məktəbdə öyrəndikləri şeirləri oxuyublar.
Qeyd edək ki, həftəsonu Azərbaycan məktəbi Ulyanovskdakı 78 saylı orta məktəbin rəhbərliyi və Umümrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin əməkdaşlığı çərçivəsində fəaliyyət göstərir. 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş məktəbdə Azərbaycan tarixi və mədəniyyəti muzeyi də yaradılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB