NDU-da konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində (NDU) tibb sahəsi üzrə kadr hazırlığının 15-ci, ilk məzun buraxılışının 10-cu ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. NDU-nun mətbuat şöbəsindən bildirmişlər ki, tədbirdə tibb fakültəsində təhsilin səviyyəsindən, fundamental tədris bazasından, tələbələrə göstərilən diqqət və qayğıdan danışılaraq muxtar respublika və universitet rəhbərliyinə məzunlar adından minnətdarlıq ifadə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun NDU-nun tibb fakültəsinin kollektivinə ünvanladığı təbrikini oxumuşdur.

Rektor, Əməkdar Elm Xadimi, professor Saleh Məhərrəmov məzunları təbrik edərək Azərbaycanda tibb təhsilinin özünəməxsus inkişaf yolu keçdiyini, muxtar respublikada səhiyyənin inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğulamış, həkim adı qazanan məzunlara uğurlar arzulamışdır.

Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov hesabat xarakterli məruzəsində fakültənin inkişaf yoluna nəzər salmışdır. Bildirmişdir ki, 1999-cu ildə pediatriya ixtisası ilə təməli qoyulan fakültədə 2007-ci ildə tibbi profilaktika və 2011-ci ildə müalicə işi ixtisası yaradılmışdır. Burada 35 çarpayılıq kliniki xəstəxana, 2011-ci ildən əsaslı şəkildə yenidən qurulmuş laboratoriya, müxtəlif fənn kabinələri, 5 minə yaxın fonda malik kitabxana fəaliyyət göstərir. 1 akademikin, 3 elmlər doktorunun, 21 elmlər namizədi, dosentin çalışdığı fakültədə aktual mövzulara həsr olunmuş elmi-tədqiqat işləri aparılır, beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumlar təşkil olunur.

Qeyd olunmuşdur ki, təhsil müddətində tələbələr praktiki vərdişlərə yiyələnmək məqsədilə Naxçıvan Muxtar Respublikasının müasir xəstəxanalarında və Türkiyənin tanınmış universitetlərində peşə təcrübələri keçirlər. Fakültə məzunlarından bir neçəsi tibb təhsilinin rezidentura pilləsində təhsillərini müvəffəqiyyətlə davam etdirirlər. Fakültənin dekanı sonda pediatriya və tibbi profilaktika ixtisasları üzrə bu il 28 nəfər tələbənin məzun olduğunu bildirərək onlara müvəffəqiyyətlər arzulamışdır.

Cəmiyyətin sağlam gələcəyinin savadlı həkimlərdən asılı olduğunu vurğulayan Naxçıvan MR-in səhiyyə naziri, Azərbaycan Respublikasının Əməkdar Həkimi Niyazi Novruzov regionda yüksək ixtisaslı mütəxəssislərin yetişməsində tibb fakültəsinin rolundan, muxtar respublika rəhbərliyi tərəfindən həkim məzunların iş yerləri ilə təmin olunmasına göstərilən qayğıdan danışmışdır.

NDU-nun tibb fakültəsinin fəaliyyətində xüsusi əməyi olan, Azərbaycan Tibb Universitetinin birinci uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə Namazova, ümumi təbabət və gigiyena kafedrasının müdiri, dosent Malikəjdər İbrahimov, tibb fakültəsinin ilk buraxılış məzunu olan tibbi klinik fənlər kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev də məzunları təbrik edərək onlara uğurlar arzulamışlar.

Sonra məzunlar Hippokrat andı içmişlər.

Məzun günü konsert proqramı ilə davam etmişdir. Məzunların ifasında "Tələbəlik illəri" mahnısı səslənmişdir.

Tədbirdə tibb fakültəsinin fəaliyyəti ilə bağlı slaydlar da nümayiş olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə