İtaliyalı alimlər Talış dağlarında tədqiqatlar aparırlar

İtaliyalı alimlər Talış dağlarında tədqiqatlar aparırlar

İtaliyalı alimlər azərbaycanlı həmkarları ilə birlikdə ölkəmizin cənubunda suların və qazların izotop-kimyəvi tərkibini öyrənirlər. Bu məqsədlə İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) mütəxəssisi Marko Bonini və Florensiya Universitetinin professoru Orlando Vaselli iyunun 21-də Azərbaycana gəlmişlər.

Hazırda onlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun çökmə hövzələrinin fluid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Əliyev ilə birgə Talış dağlarında tədqiqatlar aparırlar.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, bir həftə davam edəcək çöl tədqiqatları çərçivəsində təbii, mineral və termal su, həmçinin qaz çıxışları olan ərazilərdə geoloji araşdırmalar aparılacaq, nümunələr götürüləcəkdir. Sonra nümunələr İtaliyada analiz olunacaqdır.

Tədqiqatların məqsədi flüidlərin geokimyəvi xassələrinin, helium, arqon karbohidrogenlərin və karbon qazının izotop tərkibinin öyrənilməsi nəticəsində onların mənşəyinin müəyyən edilməsidir.

İşlər AMEA və İtaliyanın Elmi Tədqiqat Şurasının 2014 və 2015-ci illəri əhatə edən "Böyük Qafqazın şərq hissəsinin və Talış dağlarının flüid təzahürləri: flüid geokimyası, struktur və geodinamik asılılıq" adlı əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə