Səhmdar cəmiyyətlərinin fəaliyyəti müzakirə obyektidir

Səhmdar cəmiyyətlərinin fəaliyyəti müzakirə obyektidir

İyunun 24-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və "PAŞA Bank"ın dəstəyi ilə səhmdar cəmiyyətlərdə korporativ idarəetmə və hesabatlıq sisteminin effektivliyinin artırılmasına dair konfrans keçirilmişdir.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri, "PAŞA Bank"ın və Bakı şəhərində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin rəhbərləri iştirak etmişlər.

Komitənin ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, tədbiri giriş sözü ilə açan QKDK-nın sədr müavini İlqar Muradov bölgələrdə mövzu ilə bağlı mütəmadi müzakirələr aparıldığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, konfrans "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının İnkişafı" Dövlət Proqramından irəli gələn vəzifələrə uyğun olaraq, qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi məqsədi ilə təşkil edilmişdir.

Sədr müavini səhmdar cəmiyyətlərdə maliyyə sabitliyinin təmin edilməsi, beynəlxalq standartlara uyğun idarəetmə və hesabatlıq sisteminin təşkilinə dair tədbirlərin gücləndirilməsi nəticəsində əhəmiyyətli nailiyyətlərin əldə olunduğunu bildirmişdir.

Daha sonra QKDK-nın şöbə müdiri Kamran Babayev səhmdar cəmiyyətlərdə hesabatlığa dair milli qanunvericiliyin tələblərinə və komitə tərəfindən beynəlxalq təşkilatlarla birgə hazırlanan yeni qanunvericilik təşəbbüslərinə dair geniş təqdimatla çıxış etmişdir.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılmış və mövzu ətrafında müzakirələr aparılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə