ƏƏSMN 21 əlil və şəhid ailəsini yeni mənzillərlə təmin etdi

ƏƏSMN 21 əlil və şəhid ailəsini yeni mənzillərlə təmin etdi

İyunun 24-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qax rayonunda inşa etdirilərək ötən ilin oktyabrında yarımçıq istifadəyə verilmiş 4 mərtəbəli 36 mənzilli yaşayış binasında boş qalmış 21 ədəd mənzildə təmir işlərini yekunlaşdıraraq müharibə əlillərinə və şəhid ailələrinə təqdim etmişdir.

Nazirlikdən bildirmişlər ki, tədbirdə çıxış edənlər Prezident İlham Əliyev tərəfindən əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan söz açmışlar.

Bildirilmişdir ki, indiyədək artıq 4 min 300-ə yaxın mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilmişdir. Cari ildə Beyləqan, İmişli, Goranboy və Tərtər rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evləri də bu təbəqələrdən olan insanların istifadəsinə veriləcəkdir.

Azərbaycan Prezidentinin 20 iyun 2014-cü il tarixli Sərəncamı əlil və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərə şərait yaradır. Sərəncama uyğun olaraq, cari ilin əvvəlinədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlə təminatı həyata keçiriləcək. Belə bir Sərəncamın imzalanması möhtərəm dövlət başçısı tərəfindən əlilliyi olan şəxslərə, şəhid ailələrinə göstərilən böyük diqqət və qayğının daha bir bariz nümunəsidir. ƏƏSMN Sərəncamın yüksək səviyyədə icrası istiqamətində bütün müvafiq işləri görəcək, Prezident qayğısının əlil və şəhid ailələrinə layiqli tərzdə çatdırılmasını təmin edəcəkdir.

Yeni mənzil sevinclərini bölüşən əlil və şəhid ailələri Prezident İlham Əliyevin ölkəmizin dinamik və hərtərəfli tərəqqisini təmin etməklə yanaşı, sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına da daimi olaraq diqqət və qayğı göstərməsindən, bu məqsədlə daha bir Sərəncam imzalamasından razılıqlarını ifadə edib, dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildirmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə