Xəbər verdiyimiz kimi, 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, rayon mədəniyyət və turizm şöbələrinin və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin birgə təşkilati dəstəyi ilə "Milli Qəhrəmanlar" sənədli filmlər həftəsi keçirilir. Həftə çərçivəsində iyunun 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimova həsr edilmiş "Adadan başlayan yol" filminin təqdimatı olmuşdur.
Mərasimdə kino xidməti idarəsi rəisinin müavini Cəmil Xəlilov Rasim İbrahimovun keçdiyi döyüş yolundan söz açmışdır.
Bildirmişdir ki, belə tədbirlərin məqsədi Azərbaycan Ordusunda xidmət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan mərd oğul və qızlarımızın vətənpərvərliyini, nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir. Rasim İbrahimov da Vətən uğrunda canından keçmiş belə qəhrəmanlarımızdandır. 1962-ci ildə Pirallahı rayonunun Çilov adasında neftçi ailəsində dünyaya göz açan Rasim İbrahimov 31 nömrəli orta məktəbin (hazırda onun adını daşıyır) VIII sinfini bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. Almaniyada hərbi xidmət keçdikdən sonra Vətənə dönən Rasim İbrahimov Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaratmış və rayonun sərhədlərini mərdliklə qorumuşdur.
1992-ci il iyunun 28-də Tuğ kəndi uğrunda döyüşə girən Rasim İbrahimovun taboru onlarla erməni quldurunu məhv etmişdir. Qeyri-bərabər döyüşdə mühasirəyə düşən döyüşçülərimizi cəsur komandir mühasirədən qurtarsa da, özü çıxa bilməmişdir. O, "Azərbaycan zabiti heç vaxt düşmənə tabe olmayacaq!" – deyərək özünü qumbara ilə partladaraq qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə Rasim İbrahimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Milli Qəhrəmanın xatirə günü ərəfəsində keçirilən tədbirdə onun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən Milli Qəhrəmanın atası Səxavət İbrahimov tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirmişdir.
Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, Rasim İbrahimovun döyüş yoldaşları, filmin rejissoru Yalçın Verdiyev və başqalarının çıxışlarında Rasim İbrahimovun şərəfli ömür yolunun gənc nəslə örnək olduğu, belə sənədli filmlərin, eləcə də tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığı vurğulanmışdır.
Sonda "Adadan başlayan yol" sənədli film nümayiş etdirilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB