Ağacan Abiyev: "Paytaxtımız dünya idmanının mərkəzinə çevriləcək" MÜSAHİBƏ

Ağacan Abiyev: "Paytaxtımız dünya idmanının mərkəzinə çevriləcək" MÜSAHİBƏ

Müsahibimiz Milli Məclisin deputatı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor Ağacan Abiyevdir

- Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Paytaxtımızda keçiriləcək Birinci Avropa Oyunlarına artıq bir il qalır. Ağacan müəllim, ölkəmizdə, idman hərəkatı nədən qaynaqlanıb və bu inkişaf prosesini necə xarakterizə etmək mümükündür?

- Azərbaycanda idman hərəkatı sovet hakimiyyəti dövründə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunduğu zamandan inkişaf etməyə başlayıb. Ölkəmizdə idmanın maddi-texniki bazasının yaradılması sahəsində Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində həyata keçirdiyi məqsədyönlü işlər nəticəsində şəhər və rayonlarımızda idman məktəbləri açılıb, ənənəvi idman növləri ilə yanaşı, idmanın başqa növləri də inkişaf etdirilib.

Azərbaycanda milli idmanın inkişafında sıçrayışlar isə müstəqillik qazandıqdan sonra oldu. 1994-cü ildə Bakı İdman Oyunları Sarayında Ümummilli Lider Heydər Əliyev bütün idmançıları - veteranları, gəncləri bir yerə toplayaraq geniş nitq söyləyib və "Bundan sonra idmana qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, siz bu qayğını hər zaman hiss edəcəksiniz", - deyib. Mən hesab edirəm ki, müstəqil Azərbaycanın idman uğurları və inkişafı həmin zamandan, Ulu Öndərin idmana göstərdiyi qayğıdan başlayıb. Ulu Öndər Heydər Əliyevin idman siyasətinin nəticəsi olaraq ölkəmiz ilk dəfə 1996-cı ildə Amerikanın Atlanta şəhərində müstəqil komanda kimi Olimpiya Ounlarında iştrak edib. Məlumdur ki, Olimpiya Oyunları 4 ildən bir dünya miqyasında keçirildiyindən iştirakçı dövlətlərdə idmanın inkişafının səviyyəsinin hansı dərəcədə olmasını müəyyənləşdirmək mümkündür. Azərbaycan qeyd etdiyimiz Olimpiadada 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycanın üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda Azərbaycanın 61-ci yeri tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst üsulla güləşən Namiq Abdullayev həmin yarışlarda qazandığı gümüş medalı Azərbaycan Milli Olimpiya komandasının Olimpiya Oyunlarında qazandığı ilk medaldır. Bildiyimiz kimi, 1997-cı ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev rəhbərlik edir. Onun gərgin əməyi və əzmkar təşəbbüsləri nəticəsində komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarandı, ölkəmizdə Olimpiya hərəkatının sürətli inkişafına təkan verildi. MOK ölkəmizdə Olimpiya hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etdi. 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımız daha yüksək nəticələr göstərdilər. Həmin Olimpiadada Cənab İlham Əliyev də iştirak edirdi. İlk dəfə Olimpiadada Zemfira Meftahəddinova stend atıcılığı və Namiq Abdullayev sərbəst güləş üzrə qızıl medallar qazandılar. Vüqar Ələkbərov isə boks üzrə bürünc medal qazandı. 200 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbaycan 3 medal qazanaraq 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmançılarımızın böyük qələbəsi idi. Azərbaycanın bu uğurları, məhz Heydər Əliyevin idmana olan qayğısının nəticəsi idi. Bu tarixi idman qələbəsindən sonra Ulu Öndər bütün idmançıları öz iqamətgahında qəbul edərək idmançılarımıza, məşqçilərimizə, ordenlər, medallar və qiymətli mükafatlar təqdim etdi. Bu münasibət Heydər Əliyevin 1994-cü ildə öz üzərinə görürdüyü qayğını təsdiqləyirdi.

Azərbaycanda Sidney qələbəsindən sonra artıq idmana axın başladı və ölkəmizin hər bir yerində idman kompleksləri tikilməyə başladı. İlk olaraq Bakıda, daha sonra davamlı olaraq Naxçıvanda, Gəncədə, Qubada, Lənkəranda və digər məkanlarda inşa olundu. Hazırda Azərbaycanda 40-a qədər müasir tələblərə cavab verən idman kompleksləri tikilib və istifadəyə verilib. Gündən-günə artan iqtisadi qüdrətimiz, idmana olan diqqət və qayğı nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə müasir idman qurğularının tikilməsi on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasına şərait yaradıb. Artıq tam əminliklə demək olar ki, yaxın gələcəkdə ölkəmizdə elə bir şəhər, elə bir yaşayış məntəqəsi qalmayacaq ki, orada müasir və ən yüksək standartlara cavab verən idman kompleksləri olmasın. İdmana olan münasibət qələbəmizi zənginləşdirdi. Sidneydən sonra Afina Olimpiya Oyunlarında 5 medal, Pekin Olimpiyasında 7 medal qazandıq. Heç şübhəsiz ki, London Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandıqları uğurlar böyük əhəmiyyətə malikdir. Çox sevindirici haldır ki, Azərbaycan Olimpiya Oyunlarında uğurla iştirak edir və idman şöhrətini daim yüksəklərdə saxlayır. Əgər biz ölkəmizdə idmanın son iyirmi il ərzində inkişaf tarixinə nəzər salsaq görərik ki, idman uğurlarımızı ardıcıllıqla artırmışıq. Eyni zamanda, beynəlxalq əlaqələrimiz də genişlənir, möhkəmlənir. Azərbaycan Beynəlxalq və Avropa Olimpiya komitələrinin fəal üzvüdür. Azərbaycan artıq idman dövlətidir. Bizim uğurlarımız beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Müasir dövrümüzdə Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən idman siyasəti böyük uğurla davam etdirilir.

- 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən nə gözləyirik?

- Son on il ərzində Azərbaycanda ardıcıl olaraq beynəlxalq səviyyəli idman tədbirləri yüksək səviyyədə keçirilir. Bu tədbirlərin, o cümlədən, bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində böyük inam yaradıb. Əlbəttə, ilk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır. Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda "İdman ili" elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir. Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində də böyük nailiyyətlərə çata bilib. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bir daha vurğulayaq ki, Azərbaycana göstərilən böyük inamdır. Heç şübhəsiz ki, bu sınaqdan da Azərbaycan uğurla çıxacaq və dünyaya göstərəcək ki, müstəqil, dinamik inkişaf edən Azərbaycan hər şeyə qadir olan ölkədir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycanın bir çox məkanlarında inşa olunan idman kompleksləri ilə artıq tanışdır.

Azərbaycanda keçirilən Avropa və dünya çempinotlarının təşkilini və keçirilməsini izləmişdir. Bilirdi ki, Azərbaycan idman və Olimpiya hərəkatının mərkəzinə çevrilib. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, yuxarıda dediklərimizi əyani şəkildə təsdiq edir. İlk oyunların Bakıda keçirilməsi böyük nailiyyət sayılır. Bu, Azərbaycanın dünyada təbliğ olunması baxımından da olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək.

- Şübhəsiz ki, Ağacan müəllim, Azərbaycanın Birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməsi artıq bu oyunların yüksək səviyyədə keçiriləcəyindən xəbər verir.

- Yarışa hazırlıqla bağlı yaradılan Təşkilat Komitəsi artıq genişmiqyaslı işlərə start verib. Mehriban xanım Əliyevanın Təşkilat Komitəsinə rəhbər təyin edilməsi Avropa Oyunlarının ən yüksək səviyyədə keçiriləcəyinə indidən böyük təminat yaradır. Çünki Mehriban Əliyevanın rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər həmişə yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Azərbaycan ictimaiyyəti və beynəlxaq təşkilatlar, xarici qonaqlar "Eurovision" yarışmasında bu təşkilatçılıq bacarığının hansı səviyyədə olmasının şahidi oldular. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində "Eurovision" tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə xeyli nüfuz qazandı. Avropa Olimpiya Komitəsinin Azərbaycana göstərdiyi etimadı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaq və bu oyunlar Olimpiya Oyunlarının tarixində, sadəcə, Birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır. Bədii Gimnastika üzrə Bakıda keçirilən son Avropa çempionatı bu fikri bir daha təsdiqləyir.

Artıq Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bir neçə Avropa Təşkilat Komitəsini üzvləri ilə görüşləri olub. Görülən işlər böyük razılıq doğurub. Artıq Avropa Oyunlarının keçirilməsinə hazırlıqla bağlı su idman növləri üçün mərkəz inşa olunub. Yüngül atletika üzrə yeni stadionun inşası davam etdirilir. Olimpiya kəndi artıq tam hazırdır. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin inşasının bitməsi planlaşdırılır və yeni qurulmuş idman sarayları da oyunlar zamanı istifadə olunacaq.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki görüşlərin birində bildirib ki, Bakıda Avropa Oyunları o dərəcədə yüksək keçiriləcək ki, ondan sonra bu oyunların keçirilməsi başqa ölkələr üçün çətin olacaq. Çox güman ki, digər ölkələr Bakı oyunlarından yaxşı oyun təşkil etməyə çalışacaqlar. Azərbaycan onlar üçün nümunə olacaq.

Mehriban xanım Əliyeva milli mədəniyyətə, idmana böyük qayğı ilə yanaşır, həm də Gimnastika Federasiyasının Prezidentidir və Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın Afinada Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı ilə təltifi də elə onun Olimpiya hərəkatının inkişafına, Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə verilib.

Bu gün Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir, nümunəvi ölkə kimi daim hörmət və ehtirama layiq görülür. Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzu və müsbət imicə malik olması ölkə Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Çünki bu siyasət xalqımızın hərtərəfli inkişafına, ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsinə, vətəndaşlarımızın və gənclərimizin sağlam gələcəyinə xidmət edir. Ona görə də bu siyasət hər zaman xalqın dəstəyini qazanıb. Bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılıb. Azərbaycanda və Bakıda keçirilmiş dünya və Avropa çempionatları bir daha sübut edir ki, doğrudan da, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. 21 illik müstəqillik tarixinə rəğmən ölkəmiz dünyada dinamik inkişaf edən müasir, güclü ölkə kimi tanınır.

- Maraqlıdır, belə mötəbər yarışda idmançılarımızdan nə gözləyirsiniz?

- Sözsüz ki, idmançılarımızın uğurları və Olimpiyanın ölkəmizə keçirilməsi idmançılarımızın böyük uğur qazanacağından xəbər verir. Əgər bizim komanda birinci onluğa düşərsə, böyük nəticə əldə etmiş olarıq. Bu, bizim arzumuzdur. Dünyanın ən böyük idman ölkələri Avropadadır. Biz çalışmalıyıq ki, qələbə bu yarışlarda da bizi müşayiət etsin.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə