İlk dəfə iş axtaran ali təhsilli gənclər üçün yeni pilot layihə- FOTO
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə "Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək" pilot layihəsinin təqdimatını keçirib. SİA-nın xəbərinə görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hər bir cəmiyyətin aparıcı qüvvəsi olan, hazırda Azərbaycan əhalisinin 30 faizə qədərini təşkil edən gənclərin məşğulluğunun aktual məsələlərdən biri olduğunu, təqdim olunan yeni layihənin bu baxımdan xüsusi önəm daşıdığını vurğulayıb.
Nazirin sözlərinə görə, bu gün dünyanın inkişaf etmiş ölkələrində işsizlik kəskin problemə çevrildiyi halda, Azərbaycanda işsizlik səviyyəsi 5 faizədək enib ki, bu da dünya ölkələri arasında nümunəvi bir göstəricidir: "Ölkədə 15-29 yaşda gənclər arasında bu göstərici 9.9 faiz, 15-24 yaşda olan şəxslər arasında isə 13.5 faiz təşkil edir, o zaman gənclərin məşğulluğunun təminatının aktual bir məsələ olduğunu qeyd etmək olar".
S. Müslümov gənclərin məşğulluğunun təminatında əsas problemlərdən birinin ali təhsilli, ilk dəfə işaxtaran gənclərlə bağlı olduğunu deyib: "Bir çox hallarda işəgötürənlər ali təhsil müəssisəni yenicə bitirmiş məzundan daha çox, özünü təsdiqləmiş, müəyyən müddət iş təcrübəsi olan mütəxəssisləri işə cəlb etməyə üstünlük verirlər. Ona görə də biz BƏT-lə birgə bu məsələnin həlli istiqamətində sosial tərəfdaşlıq prinsipi əsasında pilot olaraq yeni aktiv layihəyə başlamağa qərar verdik".
O bildirib ki, layihənin əsas məqsədi gənclər üçün aktiv məşğulluq proqramlarının işlənib hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində layihəyə cəlb olunan ölkələrin imkanlarının artırılması, sosial təcrid olunma təhlükəsi altında olan gənclərin sayının azaldılması və onların əmək bazarında rəqabət qabiliyyətinin təmin olunmasıdır: "Bu gün təqdim olunan layihə də bir tərəfdən gənc mütəxəssislərin təhsildən aktiv əməyə keçidini asanlaşdırır, digər tərəfdən isə ilk dəfə işaxtaranları subsidiyalı əmək haqqı ilə işə qəbul edən işəgötürənləri təşviq edir. Belə ki, bu pilot layihə ali təhsil müəssisəsini bitirdikdən sonra iş yeri tapmayan və Bakı şəhərindəki Məşğulluq mərkəzlərində ilk dəfə iş axtaran kimi qeydiyyatda olan 15 nəfər gənclə işəgötürən arasında əmək müqaviləsinin imzalanmasını, həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının işəgötürən tərəfindən deyil, subsidiyalı şəkildə BƏT-in maliyyə dəstəyi ilə ödənilməsini nəzərdə tutur".
BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə ofisinin direktoru Dmitrina Dmitrova BƏT-in əmək və məşğulluqla bağlı vacib prinsiplərinin, o cümlədən gənclərin məşğulluğunun dəstəklənməsi barədə tövsiyələrinin icrası sahəsində Azərbaycanın fəal siyasətə malik olduğunu yüksək dəyərləndirib. O, hazırda təqdim edilən layihənin yeni ixtisaslara yiyələnən gənclərin əmək bazarına daxil olmasında yeni və səmərəli vasitə olduğunu, belə bir mexanizmin uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek işsizliyin azaldılması sahəsində uğurlu təcrübəyə malik Azərbaycanın eyni zamanda gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri olduğunu vurğulayaraq, təqdim olunan layihəni gənclərin məşğulluğu sahəsində ölkədə aparılan siyasətin keyfiyyətcə yeni və uğurlu davamı kimi səciyyələndirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev isə gənclərin əmək bazarına çıxışının asanlaşdırılmasına dəstək xarakteri daşıyan yeni layihənin əhəmiyyətindən söz açaraq, pilot işlərinin uğurla nəticələnəcəyinə və gələcəkdə belə layihələrin daha geniş şəkildə tətbiq ediləcəyinə ümidvar olduqlarını bildiriblər.
Tədbirdə işəgötürənlər və yeni işə qəbul olunan gənclər çıxış edərək, layihənin önəmli cəhətlərini qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB