Masallı rayonunun Xıl kəndində Milli Qəhrəman Elşad Hüseynovun abidəsi önündə igid döyüşçünün xatirəsini anma mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları E. Hüseynovun abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Burada Milli Qəhrəmanın ruhuna dualar oxumuşdur.
Mərasimdə çıxış edən Şəhid Ailələri və Milli Qəhrəmanlar Birliyi sədrinin müavini Yavər Yusubov Elşad Hüseynovun Qarabağ müharibəsində göstərdiyi şücaətdən, onun döyüş bacarığından söz açaraq erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildirmişdir.
Qeyd olunmuşdur ki, Hüseynov Elşad Eynulla oğlu Masallı rayonunun Xıl kəndində orta məktəbi bitirdikdən sonra 1979-cu ildə Batumi şəhərində hərbi xidmətə başlamışdır.
O, 1981-ci ildə ordudan tərxis olunmuş və Bakı şəhərində milis nəfəri kimi işə qəbul olunmuşdur.
E.Hüseynov 1986-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinin qiyabi şöbəsinə daxil olmuş və 1989-cu ildə təhsilini başa vurmuşdur.
1991-ci ildə cəbhə bölgəsinə gedən E.Hüseynovun ilk sınaq döyüşü Füzuli və Tərtər bölgələrində olmuşdur. O, Marağa, Cuvarlı, Marquşevan, Ağbulaq və başqa kəndlərin azad olunmasında rəşadətlə döyüşmüşdür.
Elşad Hüseynovun göstərdiyi igidliklər düşməni vahiməyə salmışdı.
1992-ci il, iyunun 15-də döyüşçülərimizə Fərrux kəndini düşməndən azad etmək tapşırığı verilmişdi. Səhər tezdən Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri kəndin içinə doğru irəliləyirdilər. Elşad həmişə olduğu kimi, yenə də döyüşün ən qızğın yerində idi. O, həm cəsarətli vuruşu, həm də ruhlandırıcı çağırışları ilə döyüş yoldaşlarına mənəvi qüvvə verirdi. Əfsus ki, mövqeyini dəyişmək üçün səngərdən çıxarkən E. Hüseynov qəfil düşmən gülləsinə tuş gəldi...
Ailəli idi. Bü gün Elşadın ocağında üç qız övladı böyüyür.
Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli Fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Elşad Hüseynov Masallı rayonunun Xıl kəndində dəfn edilmiş, kənddə büstü qoyulmuşdur. Şəhərin küçələrindən birinə Milli Qəhrəmanın adı verilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gülşən Xəlilova ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışmış, belə tədbirlərin gənclərin hərbi-vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində mühüm rol oynadığını, Elşad Hüseynov kimi qəhrəman oğullarımızın ömür yolunun Vətənini sevən hər kəs üçün örnək olduğunu diqqətə çatdırmışdır.
Mərasimdə Xıl kənd tam orta məktəbinin direktoru Aybəniz Qafarova, Milli Qəhrəman E. Hüseynov ilə birgə döyüş yolu keçmiş Rəhmət Rəhmətov və başqaları şəhid barədə xatirələrdən, onun müharibədə göstərdiyi döyüş şücaəti barədə danışmışlar.
Milli Qəhrəmanın atası Eynulla Hüseynov ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Tədbirdə Xıl kənd tam orta məktəbinin şagirdlərinin ifasında hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB