“Sabahın enerjisi: arzudan reallığa” forumu keçirilib

Tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolundan bəhs olunub
“Sabahın enerjisi: arzudan reallığa” forumu keçirilib

Rumıniyanın paytaxtı Buxarestdə Parlament binasında ənənəvi 12-ci Dünya Enerji Şurası Mərkəzi və Şərqi Avropa Regional Enerji Forumu-Foren 2014 - "Sabahın enerjisi: arzudan reallığa" forumu işə başlamışdır. İyunun 22-dən 26-dək davam edəcək enerji forumu Dünya Enerji Şurası Rumıniya Milli Komitəsinin təşkilatçılığı, Rumıniya hökumətinin himayəsi, Dünya Enerji Şurasının rəhbərliyi və Şuranın Mərkəzi və Şərqi Avropadakı üzv komitələrinin dəstəyi ilə keçirilir.

Hər iki ildən bir təşkil olunan və 1000-dən çox iştirakçının toplandığı forum Mərkəzi və Şərqi Avropada ən mühüm multi-enerji hadisəsi hesab edilir. Tədbir Rumıniyanın dövlət və hökumət nümayəndələri ilə yanaşı, elm adamlarını, Avropanın beynəlxalq enerji şirkətlərinin rəhbərlərini, enerji və ətraf mühit sahəsində tanınmış ekspertləri, KİV nümayəndələrini bir araya toplayır. Onların arasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniya nümayəndəliyi də yer almışdır.

Forumun "2014-cü ildə enerji bazarları: şəffaflıq və bütövlük əsasında Avropaya inteqrasiya istiqamətində inkişaf və tərəqqi" mövzusuna həsr olunan iclasında ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov da çıxış etmişdir. Neft-qaz sənayesində zəngin tarixə və ənənələrə malik ARDNŞ-in fəaliyyəti və beynəlxalq aləmdə qazandığı uğurlar barədə iştirakçılara məlumat verən H.Kərimov Azərbaycan Dövlət Neft Şirkətinin regional səviyyədə alternativ enerji mənbələrinin yaradılmasında fəal rol oynamaqda davam etdiyini, enerji təhlükəsizliyinə yönəlmiş zəruri strateji layihələrdə fəal iştirakını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, 2013-cü ilin yayında Şahdəniz-2 layihəsi çərçivəsində Azərbaycan qazının Avropa bazarlarına çatdırılması məqsədilə Transadriatik qaz kəməri (TAP) seçilmişdir. TAP layihəsi Xəzər regionundan qazı Yunanıstan və Albaniya vasitəsilə Cənubi İtaliyaya, oradan da Qərbi Avropaya çatdıracaqdır. Tikintisi 2015-ci ildə başlayacaq kəmərin illik gücü 10 milyard kubmetr təşkil edəcəkdir. Yaxın gələcəkdə bu kəmərin Balkan regionuna və Rumıniyaya qədər genişləndirilməsi, eləcə də Azərbaycan təbii qazının Mərkəzi Avropaya nəqlini nəzərdə tutan - AGRİ layihəsi diqqət mərkəzində olacaqdır. Həmzə Kərimov beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan digər böyük bir layihə - Türkiyədə ARDNŞ-in ən böyük investisiya layihəsi olan TANAP barədə də məlumat vermişdir. Bildirilmişdir ki, bu kəmər Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya çatdırılmasını təmin edəcək tarixi layihədir. 2018-ci ildə istismara veriləcək boru kəməri ildə 16 milyard kubmetr qaz nəql üçün nəzərdə tutulmuşdur.

Direktor ARDNŞ-in Rumıniya bazarındakı fəaliyyətinə də toxunaraq demişdir ki, son illər şirkət Rumıniyaya 50 milyon avro sərmayə qoymuşdur və bu investisiya tempi davam edəcəkdir. Hazırda Rumıniyanın paytaxtı Buxarest də daxil olmaqla, müxtəlif bölgələrdə ümumilikdə 28 yanacaq doldurma məntəqəsi istifadəyə verilmiş, nəticədə 400-ə yaxın yeni iş yeri yaradılmışdır.

İqbal Hacıyev

AzərTAc-ın xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə