Qəbələdə gənc xilasedicilərin II Beynəlxalq yarışları keçirilir

Qəbələdə gənc xilasedicilərin II Beynəlxalq yarışları keçirilir

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş gənc xilasedici və yanğınsöndürənlərin III Ümumrespublika birinciliyi və gənc xilasedicilərin II Beynəlxalq yarışları keçirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, yarış iştirakçıları iyunun 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Sonra Şəhidlər xiyabanına gələn yarış iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmişlər.

İyunun 23-də Qəbələ şəhərində yarışların açılış mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən FHN-in Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin rəisi, general-mayor Elşad Hüseynov iştirakçılara uğurlar arzulamış, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliyini bildirmişdir.

Beynəlxalq yarış çərçivəsində Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Belarusdan olan təmsilçilər, həmçinin respublika birinciliyi uğrunda yarışan 16 rayon və şəhər komandaları "Maneələr zolağı", "Kombinə edilmiş yanğın estafeti", "Axtarış-xilasetmə işi", "Komandaların təqdimatı" və "Divar qəzeti" mərhələlərində güclərini sınayırlar.

Yarışların bağlanış mərasimi iyunun 28-də olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə