Region mətbuatının bank-kredit sektoru ilə əlaqələrinin möhkəmləndirilməsinə təkan verən layihə

Region mətbuatının bank-kredit sektoru ilə əlaqələrinin möhkəmləndirilməsinə təkan verən layihə

Zərdabi Mətbuat Mərkəzi və "KredAqro" Bank Olmayan Kredit Təşkilatının "Bank-kredit sektoru – debitor -ictimaiyyət və media münasibətləri KİV müstəvisində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində keçirilən ikinci "dəyirmi masa" Zaqatalada tərəfləri yenidən bir araya gətirmişdir. Mətbuat mərkəzindən bildirmişlər ki, tədbirdə Zaqatala, Qax və Balakən rayonlarından bank-kredit sektorunun yerli filiallarının, regional qəzetlərin təmsilçiləri, debitorlar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Tofiq Əhmədov "dəyirmi masa"da çıxış edərək demişdir ki, belə formatda "dəyirmi masa" regionda ilk dəfədir keçirilir və tərəflər arasında anlaşma mühitinin dərinləşməsi, bir sıra məqamların müzakirələr yolu ilə aydınlaşdırılması baxımından önəmlidir. Məlumat verilmişdir ki, Zaqatalada 8 bank, bank olmayan 4 kredit təşkilatının filialları fəaliyyət göstərir və onların sırasına yaxın vaxtlarda yeniləri əlavə olunacaqdır. Rayon mətbuatının, eyni zamanda ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin bu sahədə baş verən yenilikləri operativ işıqlandırdığını qeyd edən T.Əhmədov iştirakçıları "dəyirmi masa"nın yaratdığı diskussiya imkanlarından geniş yararlanmağa çağırmışdır.

Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə layihə barədə məlumat verərək demişdir: Artıq üçüncü ildir ki, "KredAqro" BOKT ilə əməkdaşlıq edirik. Bank-kredit sektoru həyatının mediada çox zəif işıqlandırılması kimi mənfi tendensiyanın aradan qaldırılması məqsədi ilə 2012-ci ildə birgə əməkdaşlığın təməlini qoymuşuq. Layihə tərəfdaşımız olan "KredAqro" - 2000-ci ildə Azərbaycanın 9 regionunda sahibkarlara maliyyə xidmətləri göstərmək üçün yaradılan bank olmayan kredit təşkilatı media ilə əməkdaşlığı, maarifləndirməni özünün prioritet istiqamətlərindən sayır. Birgə layihə elə ilk addımda müsbət nəticələr verdi. 2012-ci ilin 9 ayında monitorinqləri aparılan 31 KİV-də 4210 material dərc olundu. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Qazanılan uğurun missiyaya bölgə mətbuatının da cəlb edilməsinə stimul yaratdığını deyən R.Hüseynzadə ötən il layihə çərçivəsində Şəki, Quba, Lənkəran və Bərdədə keçirilən tədbirlərin yerli KİV-lərin bu sahəyə üz tutmasına səbəb olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, 2014-cü ildən debitorlar da layihənin əhatə dairəsinə qoşulmuşlar.

"KredAqro" BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyev iştirakçıların diqqətini təmsil etdiyi qurumun fəaliyyətinə yönəltmişdir. Bildirilmişdir ki, Azərbaycanın bank olmayan kredit təşkilatlarının nüfuzlu nümayəndələrini təmsil edən qurum "Consulting & Business" jurnalı tərəfindən 2008-2012-ci illərin "Bank olmayan kredit təşkilatı" nominasiyasının qalibi kimi "İlin şirkəti" mükafatına, ötən il isə Fransanın paytaxtı Parisdə "Business İnitiavite Directions" (BİD) şirkətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə "WQC AVARD" mükafatının "Qızıl" kateqoriyasına layiq görülmüşdür. Fərəhli haldır ki, KİV-də sektorla bağlı təqdim olunan materialların artım tendensiyası bu ildə də davam etməkdədir. Monitorinqi aparılan mart, aprel, may aylarında ümumilikdə 2874 material təqdim olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur".

"Zaqatala" qəzetinin baş redaktoru İbrahim İbrahimov çıxışında yerli medianın bank-kredit məsələləri və debitorlarla bağlı mövzulara ara-sıra üz tutmasını yolverilməz hal saydığını demişdir. Onun fikrincə, işgüzar müzakirələrə şərait yaradan "dəyirmi masa" bu mənfi tendensiyanın aradan qaldırılmasına təkan verəcəkdir. Baş redaktor təklif etmişdir ki, bank-kredit təşkilatları ən fəal müştəriləri üçün "İlin debitoru" mükafatını təsis etsinlər və qaliblər təntənəli surətdə mükafatlandırılsın.

Debitorlardan Nurəddin Əlimov (Qax), Salehəddin Süleymanov (Zaqatala) və İbrahim İsmayılov (Balakən) çıxışlarında götürdükləri bank kreditlərindən necə istifadə etdikləri, yeni iş yerləri açdıqları, istehsalı artırdıqları barədə danışaraq həvəsləndirici tədbirlərə, xüsusən medianın dəstəyinə geniş ehtiyac duyduqlarını diqqəti çatdırmışlar. Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Sona Qazıyeva tədbirin tərəflər arasında inamın, etimadın yüksəldilməsi baxımından əhəmiyyətini vurğulamış, KİV-də "Müştəri-bank əlaqələri" rubrikasının açılması təklifini irəli sürmüşdür.

Bank-kredit sektorunun yerli filiallarının təmsilçiləri Ülvi Kərimov ("Finca Azərbaycan"), Tofiq Kalayev ("Kapital Bank"), Asəf Qurbanov ("KredAqro" BOKT) və başqaları KİV-lə əlaqələri daha da möhkəmləndirməyin vacibliyindən söhbət açmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə