Ramazan ayının ilk günü iyunun 29–na təsadüf edir

Ramazan ayının ilk günü iyunun 29–na təsadüf edir

İyunun 23-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) mübarək Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilmişdir. Qurani-Kərimdən ayələr səsləndikdən sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə mübarək Ramazan ayının başlanması münasibətilə xalqımızı təbrik etmiş, bu müqəddəs ayın fəzilətlərindən danışmışdır. O, insanların Ramazan ayında xeyirli əməllərlə məşğul olmalarının vacibliyini vurğulamış və şəhidlərimizə Allahdan rəhmət diləmişdir.

A.Paşazadə Azərbaycanda dövlət və din arasında möhkəm birliyin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Prezident İlham Əliyevin bu ənənəni uğurla davam etdirdiyini diqqətə çatdırmışdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini hacı Salman Musayev və digər çıxış edənlər də insanın mənəvi saflığı üçün orucluğun əhəmiyyətindən söhbət açmışlar. Vurğulanmışdır ki, Azərbaycanda dini tədbirlərin, mərasimlərin keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.

Sonra QMİ-nin Qazılar Şurasının mübarək Ramazan ayının başlanması münasibətilə fətvası oxunmuşdur.

Fətvada bildirilir ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvimi və yaddaş kitabçasını tərtib etmişdir. Builki hesablamalara əsasən, miladi təqvimlə 29 iyun 2014-cü il - hicri tarixi ilə Ramazan ayının 1-ci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir. Xüsusi minnətdarlıqla bildirmək istərdik ki, Azərbaycan dövləti müsəlman dindarların tolerantlığını və qardaşlıq münasibətlərini nəzərə alaraq Ramazan bayramının iki gün – iyulun 28-29-da keçirilməsinə qərar verilmişdir.

Fətvada vurğulanır ki, məhz QMİ ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası tərəfindən birgə hazırlanmış və Azərbaycan üfüqünə uyğun olan mövcud təqvimə riayət etməyi dindarlarımıza tövsiyə edir, bölgələrdəki qazılar, səlahiyyətli nümayəndələr, imam və axundlar tərəfindən icraatının vacib olduğunu bildiririk. Azərbaycanda tolerantlıq mühitinin qorunub-saxlanması naminə KİV-dən bu təqvimdən istifadə etmələrini xahiş edirik. Qazilər Şurası din xadimlərimizin nəzərinə çatdırır ki, orucluqda iftardan əvvəl ehsan süfrələrində iştirak etməkdən qəti şəkildə çəkinsinlər. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcəkdir. Əhalidən xahiş edirik ki, belə hallarla rastlaşdıqları təqdirdə QMİ-yə məlumat versin.

Diqqətə çatdırılır ki, Azərbaycan dindarları bu əziz günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən bütün qəhrəman övladlarımızın, o cümlədən Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsini yad edir, ruhlarına dualar oxuyurlar. Mübarək Ramazanda edilən duaların qəbul olunacağına əmin olduğumuz üçün biz Allah-Təaladan dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük fədakarlıq göstərən Prezident İlham Əliyevə sonsuz xeyir-dualar diləyirik. Ülvi niyyətimiz budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin! Amin!

Bütün xəbərlər Facebook səhifəmizdə