Lənkəranda dövlət qulluqçularinin peşə bayramı təntənə ilə qeyd edilib FOTOLAR

Lənkəranda dövlət qulluqçularinin peşə bayramı təntənə ilə qeyd edilib FOTOLAR

İyunun 23-də respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da dövlət qulluqçularının peşə bayramı günü təntənə ilə qeyd edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayonun dövlət qulluqçuları əvvəlcə Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə təzə-tər qərənfil dəstələri düzüblər.

Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən tədbiri giriş sözü ilə açan icra başçısı Taleh Qaraşov dövlət qulluqçularını peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Azərbaycanda gedən dövlət quruculuğu prosesində dövlət qulluqçularının çox böyük rol oynadığını diqqətə çatdıran Taleh Qaraşov rayonun dövlət qulluqçularının da bu gün ölkəmizdə əldə olunan uğurlarda xüsusi fəallıq göstərdiklərini və rayon rəhbərliyi ətrafında sıx birləşdiyini söyləyib. Bildirib ki, dövlət qulluğunda çalışanlar bundan sonra da öz fəaliyyətlərində daha da məsuliyyətli olmalı, çalışdıqları idarə, müəssisə və təşkilatlarda dövlət başçısının siyasi kursunun dönmədən həyata keçirilməsində öhdələrinə düşən vəzifələri səylə, ləyaqətlə yerinə yetirməlidirlər.

Sonra Lənkəran ŞİH Başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyevin məruzə edib. O bildirib ki, 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, dövlət idarəçiliyi sistemində də qulluq məsələlərinin tənzimlənməsi proseslərinə, ən əsası dövlət və icra intizamının bərqərar olunmasına başlanılmış, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik və işgüzar idarəetmə strukturunun yaradılması, İcra hakimiyyəti orqanlarının fuksional vəzifələrinin müəyyən edilməsi məqsədilə geniş və hərtərəfli iş aparılıb. Ötən dövr ərzində çalışdığı sahədə fərqlənmiş yüzlərlə dövlət qulluqçusu mükafatlandırılıb, fəxri adlarla təltif olunub.

Məruzəçi daha sonra hazırda Lənkəran rayonunda müxtəlif sahələrdə 355 nəfər dövlət qulluqçusunun çalışdığını diqqətə çatdırıb.

Sonda bir qrup dövlət qulluqçusuna Lənkəran ŞİH Başçısının Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə