Ombudsmanların Beynəlxalq konfransının iştirakçıları Quba məzarlığında olublar

Ombudsmanların Beynəlxalq konfransının iştirakçıları Quba məzarlığında olublar

Ombudsmanların XIl Bakı Beynəlxalq konfransının iştirakçıları Quba rayonuna səfər ediblər.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev qonaqlara rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən layihələr və bütün sahələrdə nəzərəçarpan uğurlar barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, respublikamızda əldə edilən davamlı sosial-iqtisadi inkişafın bariz nümunəsini bu rayonun simasında aydın görmək mümkündür. Rayonda yaradılan yeni istehsal müəssisələri və texnologiyalar, sənaye və turizm obyektləri Qubanın iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır.

Konfrans iştirakçılarına Heydər Əliyev Mərkəzində Ulu öndərin nəsillərə örnək olan həyatı və çoxşaxəli fəaliyyəti barədə məlumat verilib, onlar həmçinin Gənclər Mərkəzində olublar.

Ombudsmanlar və onların nümayəndələri Müvəkkilin Quba Regional Mərkəzinin fəaliyyəti, əhali arasında aparılan maarifləndirmə işi, ərizə və şikayətlərə baxılması qaydaları ilə tanış olublar.

Qonaqlar Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər. Ölkə başçısının göstərişi ilə yaradılan bu komplekslə tanışlıq zamanı qonaqlara 1918-ci ilin martında erməni millətçiləri tərəfindən törədilmiş qırğınlar zamanı bu bölgədə də baş verən qanlı hadisələr, dinc insanların, o cümlədən qadınların və uşaqların qətlə yetirilməsi barədə ətraflı məlumat verilib.

Avropa, Asiya və Amerika qitələrinin 15-dən çox ölkəsindən olan ombudsmanlara və onların nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə qazıntı işləri aparılarkən müəyyənləşdirilib. Burada aparılan geniş tədqiqatlar nəticəsində bu məzarlığın yerli dinc əhaliyə qarşı ermənilərin törətdikləri qətliamla bağlı olduğu bildirilib.

Bu Memorial Kompleksin Heydər Əliyev Fondunun dəstəyi ilə yaradıldığı bildirilmiş, burada Bakı, Şamaxı, Göyçay və digər qəzalarda da törədilən qırğınlar barədə də məlumatların öz əksini tapdığı diqqətə çatdırılıb.

Türkiyənin Qadın və Uşaq Hüquqları üzrə Ombudsmanı xanım Serpil Çakın məzarlığı ziyarət etdikdən sonra açıqlamasında burada gördüklərindən sarsıldığını ifadə edib. O bildirib ki, müasir dövrdə soyqırımı hallarına yol verilməməlidir. Türkiyəli qonaq demişdir ki, "bəzi xalqlar onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də, biz burada fakt gördük"

Rusiya Federasiyasının Orenburq və Kaluqa vilayətlərinin İnsan Hüquqları üzrə Müvəkkilləri Anatoli Çadov və Yuri Zelnikov ombudsmanların vəzifəsinin həm də dünyada insanlığa, bəşəriyyətə qarşı çevrilən belə halların təkrarlanmasının qarşısını almaqla bağlı səylər göstərməkdən ibarət olduğunu söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə