Fransanın Miluz şəhəri ilə Yevlax arasında doatluq xartiyası imzalanıb
Miluz Şəhər Bələdiyyə İdarəsində Fransanın Miluz və Azərbaycanın Yevlax şəhərləri arasında dostluq xartiyasının imzalanması mərasimi keçirilib.
SİA-nın AzərTac-istinadən verdiyi xəbərə görə, mərasimi açan Miluz şəhərinin meri Jan Rotner son illər Fransa ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdiyini və Miluz və Yevlax şəhərləri arasında imzalanacaq dostluq xartiyasının bunun bariz nümunəsi olduğunu bəyan edib. Mer xartiyanın dostluq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə, bu sənəd sayəsində iqtisadi, turizm, mədəni sahələrdə əlaqələrin və universitetlər arasında mübadilənin genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov səmimi qarşılandıqlarına görə merə və mərasimin iştirakçılarına təşəkkür etmiş, Miluz şəhərinin onlarda böyük təəssürat yaratdığını, Azərbaycan ilə Fransa arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu bildirib. O, Azərbaycanın dövlət başçısı İlham Əliyevin Prezident seçildikdən sonra ilk rəsmi xarici səfərini Fransaya etdiyini və bu səfəri ilə Azərbaycanın Avropanın inkişaf etmiş və aparıcı ölkələrindən biri olan Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini xüsusi vurğulayıb.
Ötən il Heydər Əliyev Fondu tərəfindən Miluzda iki tədbirin keçirildiyini və həmin tədbirlərin davamı olaraq növbəti dəfə iyunun 20-də Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə Miluz Universitetində konfrans təşkil olunduğunu xatırladan Q. Səmədov imzalanacaq xartiyanın iki şəhər arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaranmasında başlanğıc olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Gəncə və Yevlax şəhərləri ilə Miluz arasında əlaqələrin iki il əvvəl başladığını, mədəni istiqamətdə bir çox tədbirlərin keçirildiyini xatırladan senator Jan-Mari Bokel ötən ildən etibarən universitetlər səviyyəsində əlaqələrin yarandığını bildirib.
Senator mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün xartiya imzalanacağını və bu sənədin sadəcə Miluz ilə deyil, eyni zamanda, Miluzətrafı regionun Yevlax rayonu ilə qardaşlaşmasına öz töhfəsini verəcəyini qeyd etmiş və bunun mühüm addım olduğunu bildirib.
Azərbaycanın Gəncə və Yevlax şəhərlərinə səfər etdiyini xatırladan Jan-Mari Bokel yaranan əlaqələrin iki ölkə arasında tərəfdaşlığa öz töhfəsini verdiyini, Azərbaycan nümayəndə heyətinin Miluza səfərinin ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövrünə təsadüf etdiyini və dostluq xartiyasını yaşatmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.
Bu gün Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin yeni səhifəsi açıldığını diqqətə çatdıran Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Miluz Universitetində Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə keçirilən konfransın əməkdaşlığın inkişafı sahəsində mühüm rolunu qeyd edib, belə konfransların, müxtəlif tədbirlərin və görüşlərin Azərbaycanın xarici siyasəti çərçivəsində həyata keçirildiyini, Fransanın ölkəmiz üçün həm dost, həm də strateji tərəfdaş olduğunu bildirib.
Mərasimin sonunda dostluq xartiyası imzalanıb.
Xartiyanı Miluz şəhərinin meri Jan Rotner və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB