Alimlərimiz Çində Beynəlxalq konfransda məruzə ediblər

Alimlərimiz Çində Beynəlxalq konfransda məruzə ediblər

Çin Milli Elmlər Akademiyasının Coğrafiya Elmləri və Təbii Resursların Tədqiqi İnstitutunda "Yeni İpək Yolu iqtisadi zonasının ekologiya, ətraf mühit və davamlı inkişafı" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan bildirmişlər ki, beynəlxalq tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov və elmi işlər üzvə direktor müavini, professor Elbrus Əlizadə iştirak etmişlər.

Konfransa Böyük İpək Yolu iqtisadi zonasında yerləşən – Çin, Monqolustan, Pakistan, Hindistan, Əfqanıstan, İraq, Qazaxıstan, Almaniya və digər ölkələrin elmi təşkilatlarının 60-dan çox nümayəndəsi qatılmışdır.

Konfransın plenar iclasında R.Məmmədov "İqlim dəyişmələrinin və antropogen amillərin Xəzər dənizi ekosistemlərinə təsiri", E.Əlizadə "Azərbaycanın dağ təbii-iqtisadi geosistemlərinin davamlı inkişafı" mövzularında məruzələrlə çıxış etmişlər.

Hərtərəfli müzakirələr nəticəsində Böyük İpək Yolu iqtisadi zonasına daxil olan ərazilərdə, o cümlədən Azərbaycanda, gözlənilə bilən təbii hadisə və proseslər, iqtisadi-coğrafi dəyişikliklər, yolun fəaliyyət mexanizmi haqqında fikirlər cəmləşdirilmişdir. Qərara alınmışdır ki, bütün problemləri daha geniş, əsaslı araşdırmaq üçün Böyük İpək Yolu iqtisadi zonası daxilində yerləşən ölkələrin alimlərindən ibarət beynəlxalq elmi birlik - alyans yaradılsın.

Konfrans öz işini gələcəkdə alyans çərçivəsində ayrı-ayrı ölkələrdə davam etdirməyi planlaşdırmışdır.

Tədbirdə hazırda bərpa olunan və bir çox layihələr həyata keçirən Böyük İpək Yolu iqtisadi zonasının həm iqtisadi, həm ekoloji, həm də təbii ehtiyatlarından istifadə problemləri geniş müzakirə olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə