"Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər edilməsi parlamentdə birmənalı qarşılanmayıb. SİA-nın xəbərinə görə, layihə haqda məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, sənəd Milli Məclisə Baş Prokurorluq tərəfindən daxil olub.
Onun sözlərinə görə, qanun vaxtı ilə hazırlanarkən Andlılar Məhkəməsi ilə bağlı xüsusi fəsil mövcud idi: "Məhkəmənin formalaşması hüquq sferasında müzakirə edildi. Məhkəmə sisteminin demokratikləşməsi istiqamətində aparılan islahatlar fonunda qanunda bu fəsli yazdıq. Amma qeyd olunurdu ki, islahatlar başa çatanda bunun tətbiqinə başlanılacaq. Bizim qanunumuzda uzun müddətdir ki, işləməyən bu fəsil mövcuddur. Qeyd edim ki, hüquq ictimaiyyətinin böyük hissəsi bunun əleyhinədir. Bizim komitə də hesab edir ki, məhkəmə hüquq islahatlarının indiki mərhələsində Andlılar Məhkəməsini özündə daha düzgün ehtiva edir. Andlılar Məhkəməsi ABŞ-da yaranıb. Komitəmizdə bunun əleyhinə və lehinə çıxanlar da olub. Azərbaycanın praktik hüquq ictimaiyyəti işləməyən fəslin qanundan çıxarılmasını təklif edir".
Deputat Qüdrət Həsənquliyev deyib ki, hüququ dövlət quruculuğu istiqamətində addım atan ölkələr üçün Andlılar Məhkəməsi olduqca əhəmiyyətlidir: "Lakin bu, pilot layihə təqdim edilmədən qanundan çıxarılır. Avropa dövlətlərinin əksəriyyəti Andlılar institutundan istifadə edir. Konstusiyaya görə, vətəndaşın dövlət idarəçiliyində iştirak etmək hüququ var. İndi isə bu hüquq onların əlindən alınır. Prokurorluq hesab edir ki, Andlı iclasları çətin işlərdən baş çıxara bilməz, hisslərə üstünlük verirlər və s. Bizim cinayət qanunvericiliyindən bu, institutu çıxarmaq olmaz. Qanunları qəbul edənlərin çoxu hüquqşünas deyil, amma bir nəfər məruzə edir və sonda qanun qəbul olunur. Andlılar iclasında da bu metod tətbiq olunur. Andlı iclasları daha doğru qərar qəbul edə bilirlər, onlar hakimiyyətdən daha çox az asılıdırlar və karyera haqda düşünmürlər. Bu institut mütləq saxlanılmalıdır. Burada səbəb kimi, Andlıların qanuna tabe olmamaq məsələsini qaldırırlar. Bu doğrudur. Andlılar daha çox sosial məsələlər haqda düşünürlər və onların çıxardığı bəraət hökmləri digər məhkəmələrlə müqayisədə daha çoxdur. Düşünürəm ki, biz islahatlar aparılmalı olduğumuz halda, bu institutun qanundan çıxarılması geriyə atılan addım olardı".
Deputat Siyavuş Novruzov bildirib ki, əgər bu fəsil qanunvericilikdə varsa, onu çıxarmağa nə ehtiyac var?: "Bunun nə zaman lazımsız olduğu sübut olunsa, onda çıxarmaq olar. Həm də bu məsələni qanunvericilikdən çıxarmazdan əvvəl ictimai müzakirəsini təşkil etmək lazımdır. Ən sərt rejim olan sovet məhkəməsində xalq nümayəndəsi var idi və proseslərdə iştirak edirdi. Andlılar Məhkəməsinin olması həm də vəkillik institutunun inkişafını ortaya çıxır. Bu məhkəmənin olması bəzi neqativ halların qarşısını da alırdı. Elə hakimlər var ki, öz şəxsi marağına görə ədalətsiz hökmlər çıxarır. Məncə, Andlılar Məhkəməsi bunun da qarşısını alırdı. Hesab edirəm ki, bu məsələ qanunvericilikdə qalmalıdır".
Deputat Rəfael Cəbrayılov isə deyib ki, Andlılar Məhkəməsinin qanunda qalmasını dəstəkləmir: "Bu, ölü müddəalardır. Bu, Azərbaycanın sürətli inkişafı fonunda görünmür. Ölü qanun pis qanundan daha pisdir. Andlılar Məhkəməsində klassik formada təqsirlilik məsələsini həll edirlər. Amma peşəkar hüquqşünaslar var ki, bunu müəyyən edə bilmirlər. Dünya statistikasına baxanda görərik k, dünyada Andlılar Məhkəməsinin gördüyü işlər, ümumilikdə baxılan işlərin 1 faizini təşkil edir. Odur ki, Qüdrət müəllim arqumentləri ilə razılaşmıram".
Vitse-spiker Ziyafət Əsgərov isə məsələnin şişirdilməsinin əleyhinə olduğunu deyib: "Maddə 14 ildir qanunda var, amma işləmir. Ölü maddəni saxlamağın nə mənası var? Etiraf edək ki, Azərbaycan vətəndaşının hüquq düşüncəsi bu institutun işləməsinə imkan vermir. Hansısa hökmün ədalətli olmasına şübhələr varsa, bu, ayrı məsələdir. Amma zəmanət yoxdur ki, andlıların çıxardığı hökm mütləq ədalətli olacaq".
Qeyd edək ki, fikir ayrılıqlarına baxmayaraq, qanun layihəsi qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB