İyunun 20-də ədliyyə naziri Fikrət Məmmədov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Hacıqabulda Neftçala, Sabirabad, Salyan, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşların qəbulunu keçirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanıb, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.
Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Həmçinin, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən qayğılı münasibətə, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı ədliyyə naziri rayon məhkəməsinə və ədliyyə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşüb, onların fəaliyyəti və iş şəraiti ilə tanış olub, problemlərlə maraqlanıb, vətəndaş-məmur münasibətlərinin ölkə Prezidentinin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi və digər aidiyyəti tövsiyə və tapşırıqlarını verib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB