Parlamentdə tikinti şikətlərinə qarşı sərt ittihamlar səsləndirilib

Parlamentdə tikinti şikətlərinə qarşı sərt ittihamlar səsləndirilib

"Şirkətlər evi tikib satırlar, sonra da camaatı müxtəlif kommunal xərclər adı altında soyurlar. Kommunal xərclər üçün yığılan məbləğin həddən artıq çox olması ciddi narahatlıq yaradıb. Bununla bağlı kifayət qədər şikayətlər daxil olur". SİA-nın xəbərinə görə, bunu millət vəkili Mübariz Qurbanlı parlamentin bugünkü iclasında bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı yaşayış binalarını inşa edən şirkətlərlə bağlı iradını bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda mənzil fondu ya MİS-lərdədir, ya da müxtəlif şirkətlərin əmlakı kimi tanınan, əslində isə vətəndaşlar tərəfindən alınan evlərdədir: "MİS-ə ödəmələr bank yolu ilə aparılır və tariflər də çox aşağıdır. Amma son vaxtlar özəl şirkətlərin tikib satdığı evlərin idarə olunması ilə bağlı şikayətlərin sayı artır. Sakinlər gileylənirlər ki, şirkətlərdən alınan evlərdə kommunal xərclər o qədər yüksəkdir ki, az qala kirayə pulu səviyyəsində xərc çıxır. Bu məsələni həll etməliyik, çünki çox ciddi məsələdir".

Millət vəkili Ziyad Səmədzadə isə qeyd edib ki, mənzil kommunal təsərrüfatında ciddi islahatlar aparılmalıdır: "Hər şirkət 5-6 binanın bir idarəedici strukturunu yaradır. Amma onlar da kifayət qədər əsaslı olmayan, vergi adı ilə xeyli vəsait toplayırlar. Ona görə də araşdırma aparmaq lazımdır".

Digər millət vəkili Qüdrət Həsənquliyev də narahatlığını ifadə edərək bəyan edib ki, bəzi şirkətlər evi tikib satır, sonra da soyğunçuluqla məşğul olurlar: "Bəzən hər kvadratmetr üçün 1 manat alırlar. Tədbirlər görülməlidir".

Deputat Arif Rəhimzadə isə deyib ki, "Xutor" və buna bənzər ərazilərdə mənzilin kv. metri üçün ödəniş 40 qəpik yox, 28 qəpik, mərkəzdə isə 60 qəpik ola bilər: "Mənzil Məcəlləsinə görə, evlərin xidməti heç kəsə həvalə olunmayıb. O ərazilərdə, evlərdə yaşayan insanlar özlərini idarə edəcək qurumu müəyyənləşdirə bilər. Həmin binalarda yaşayan sakinlər heç bir ictimai fəallıq göstərmir. Ona görə də tikinti şirkətləri özləri bu işlə məşğul olurlar. Vətəndaşlar bir az fəal olsalar, həmin şirkətin xidmətindən imtina edib, ayrı quruma həvalə edə bilərlər. Bu məsələdə yalnız insanların fəallığına ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə