Səbaillilər Ordu gününü cəbhə bölgəsində qeyd ediblər

Səbaillilər Ordu gününü cəbhə bölgəsində qeyd ediblər

Silahlı Qüvvələrinin yaradılmasının 96 illiyi ilə əlaqədar Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanan, Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəliblər. SİA-nın xəbərinə görə, qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara gətirdikləri sovqatları, hədiyyələri və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları çatdırıblar.

Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən Səbailli gənclərlə də görüşüb, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanıblar. Qonaqlar Səbail RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim ediblər. RİH tərəfindən hərbi hissənin təlabatı nəzərə alınaraq müxtəlif tikinti materialları da hərbiçilərimizə çatdırılıb.

Hərbi hissədəki əsgər kazarmalar və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.

İcra başçısı hərbi hissənin şəxsi heyətini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılan şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik edib, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulayıb.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.

Hərbi hissə komandanlığı adından çıxış edən "N" saylı hərbi hissənin komandir müavini Valeh Rəcəbov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələr günü münasibəti ilə keçirilən tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.

Hərbi hissənin xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilib, sonra incəsənət ustalarının iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunub. Müğənnilər Aslan Hüseynov, Ceyhun Zeynalov, AzTV-nin solistləri Aynur İsgəndərli, Gülnar Qüdrətlinin, rəqqasə Fatimə və rəhbərlik etdiyi rəsq qrupunun gözəl çıxışları əsgərlər tərəfindən alqışlarla qarşılanıb.

Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.

Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb və onlar Səbail RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə