Yeni  məktəb  modelləri yaradılacaq

... Regionlarda uşaqların  təhsilə cəlb  edilməsi məqsədilə
Yeni məktəb modelləri yaradılacaq

İyunun 19-da Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG),  Bakı-Tbilisi-Ceyhan  (BTC), "Şahdəniz"  və Cənubi  Qafqaz  Boru  Kəməri (CQBK)  layihələrindəki  tərəfdaşlar ilə UNİCEF arasında Azərbaycanda təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüslərə dair anlaşma memorandumu, eləcə də  Fövqəladə  Hallar Nazirliyi, Təhsil  Nazirliyi və UNİCEF arasında  Fəaliyyət  Planı  imzalanmışdır.

AzərTAc xəbər verir ki, imzalanma mərasimində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell AÇG, BTC, "Şahdəniz" və CQBK layihələrindəki tərəfdaşlarının ölkəmizdə təhsilin inkişafına verdikləri dəstəkdən məmnun olduqlarını bildirmişdir.

Qordon Birrell demişdir: "Biz uşaqlara, gənclərə və təhsilə sərmayə yatırmaqla ölkənin gələcəyinə sərmayə qoyduğumuza inanırıq. Ötən həftə innovativ "Oyunlar Akademiyası" layihəsinə sponsorluq edəcəyimizi elan etdik. Bu təşəbbüsün yüzlərlə Azərbaycan gəncinin yeni bacarıqlara və biliklərə yiyələnərək ölkənin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi potensialına töhfə verməsi üçün çox gözəl bir imkan olacağı gözlənilir. Bu təşəbbüs gələn il Bakıda keçiriləcək və bizim də rəsmi tərəfdaşı olduğumuz Birinci Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Biz Azərbaycana bu böyük beynəlxalq səviyyəli tədbirdə dəstək olmaqdan qürur duyuruq".

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard qeyd etmişdir ki, uğurlu idarəçilik və inkişaf edən cəmiyyət səmərəli təhsil sisteminin bəhrəsidir. UNİCEF uşaqların xoşbəxt gələcəyi naminə üzərinə düşən işləri yerinə yetirməkdən məmnundur. "Bu mənada bu gün imzalanacaq sənədlər də bizim öhdəliyimizi bir daha təsdiq edir. Biz Azərbaycanda həyata keçiriləcək bu layihəni dəstəkləyirik və onun səmərəli olacağına əminik" - deyə Mark Herevard vurğulamışdır.

Sonra çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanın UNİCEF ilə uğurlu əlaqələrindən danışmış, fövqəladə hallar zamanı bölgələrdə görülən işlərdən bəhs etmişdir. Nazir bildirmişdir ki, imzalanacaq saziş bölgələrdə yüksək səmərəliliyə malik, uşaqların mənafeyini düşünən məktəb modellərinin hazırlanmasını özündə ehtiva edir. Layihə təhsil sahəsində Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi və bp arasında əməkdaşlığa yeni təkan verməklə yanaşı, yerli əhalinin, xüsusən də məktəblilərin fövqəladə hallar və onlardan qorunma ilə bağlı daha dərin biliklərə nail olmasına şərait yaradacaqdır.

Təhsil naziri Mikayıl Cabbarov isə mövcud problemlərin həlli istiqamətində reallaşdırılan tədbirlərdən danışaraq, erkən yaş dövründə uşaqların inkişafı, fəal müəllim siyasətinin həyata keçirilməsi, fəlakət riskinin azaldılması sahəsində tətbiq olunan layihələrin bu sahənin inkişafına təkan olduğunu diqqətə çatdırmışdır.

Sonra sənədlər imzalanmışdır.

"Təhsil  sahəsində  tərəfdaşlar"  adlı  layihədə ölkədə  yeni  təhsil  modellərinin  yaradılmasına  yönəlmiş  layihələrin  hazırlanmasına  və  həyata  keçirilməsinə  dəstək verilməsi  nəzərdə  tutulur. Anlaşma memorandumu isə Azərbaycanın təhsil sisteminin ölkə üzrə təkmilləşdirilməsi üçün nümunəvi modellərin tətbiqini əhatə edir. Üçillik layihə xüsusən bp-nin  əməliyyatçısı  olduğu  BTC  və  CQBK  boru  kəmərləri  boyunca  yerləşən  Kürdəmir,  Ucar,  Ağdaş,  Yevlax,  Samux,  Goranboy,  Şəmkir  və  Tovuz  rayonlarında  uşaqların  təhsilə  cəlb  edilməsinə  yönəlmiş  yeni  geniş  əhatəli  məktəb  modellərinin  yaradılmasını  nəzərdə tutur.

Layihənin  dörd  komponentdən  ibarət  olacağı  planlaşdırılır. Buraya ailə  təhsil mərkəzləri ,  hər  kəs  üçün  bərabər  təhsil  imkanı ,  təbii  fəlakətlərə  hazırlıq,  gigiyena  və  sanitariya komponentləri daxildir.

Yekunda  təhsil  sistemini  təkmilləşdirərək   nəticələri  yüksəldən  və  keyfiyyəti  artıran  nümunəvi  modellərin  yaradılacağı  nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə