“Şuşaya azadlıq” kampaniyasının 4 işçi qrupu yaradılıb

“Şuşaya azadlıq” kampaniyasının 4 işçi qrupu yaradılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə başlanan "Şuşaya azadlıq" beynəlxalq kampaniyası çərçivəsində iyunun 19-da növbəti iclas keçirilmişdir. Bu haqda Şuranın Katibliyindən məlumat verilib.

Şuranın sədri Azay Quliyev iclasda çıxış edərək ötən müddətdə kampaniya çərçivəsində mühüm işlərin həyata keçirildiyini bildirib. O, Azərbaycan dövlətinin erməni işğalına qarşı mübarizə siyasətində vətəndaş cəmiyyətinin hər zaman fəal iştirakçı olduğunu vurğulayıb. Şuşanı ayrıca olaraq qabartmaqla bütövlükdə Qarabağın işğaldan azad olunmasının vacibliyini dünyaya çatdırmaq istədiklərini deyən A.Quliyev kampaniyanın əsasən ölkə xaricində aparıldığını qeyd edib.

Şura sədri toplantının əsas məqsədinin qarşıdakı dövrdə görülməli işlərin, eyni zamanda, yeni ideya və təkliflərin müzakirə edilməsi olduğunu bildirib. "Şuşaya azadlıq" kampaniyası çərçivəsində həyata keçiriləcək işlərin Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmdə daha da gücləndirəcəyini vurğulayan A.Quliyev aparılan işlərin sistemli və ardıcıl xarakter daşıyacağını deyib.

"Şuşaya azadlıq" kampaniyasının əlaqələndiricisi, Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov "Şuşaya azadlıq - 22 dildə" videoçarxının təqdimatından ötən dövr ərzində QHT-lərlə sıx surətdə əməkdaşlıq etdiklərini və bunun nəticəsində müxtəlif ölkələrdən 9 təşkilatın bəyanat verərək kampaniyanı dəstəklədiklərini bildirmişdir. O, keçən müddətdə kampaniya çərçivəsində görülən ən mühüm işin "Şuşaya azadlıq - 22 dildə" videoçarxının mayın 9-da Berlində təqdimatının keçirilməsi olduğunu bildirmişdir. Həmin videoçarxa indiyədək sosial şəbəkələrdə minlərlə izləyicinin baxmasının və hətta ermənilərin də yazdıqları şərhlərdə narahatlıqlarını açıq büruzə vermələrinin kampaniyanın uğurunu sübut etdiyi diqqətə çatdırılmışdır. S.Nəcəfov hazırda facebookda kampaniyanın müxtəlif dillərdə səhifəsinin və 7 dildə saytının yaradılması üzərində iş getdiyini söyləmişdir.

Milli Məclisin deputatı Məlahət Həsənova Qarabağ həqiqətlərinin dünyaya mədəniyyətimizin təbliği vasitəsilə çatdırılmasının daha səmərəli olduğunu deyərək hər ay beynəlxalq təşkilatların yerləşdiyi, mühüm siyasi mərkəzlər olan Brüssel, İstanbul, Strasburq, Nyu-York, Paris, Vilnüs, Vyana, Amsterdam, Moskva kimi şəhərlərdə Şuşa mədəniyyəti günlərinin keçirilməsini təklif etmişdir. M.Həsənova beynəlxalq təşkilatların mərkəzi qərargahlarındakı kitabxanalarda Şuşa ilə bağlı guşələrin yaradılmasının və kampaniyaya dair çoxsaylı buklet və disklərin buraxılmasının da vacibliyini vurğulamışdır.

Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli, "Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin nümayəndəsi Vüsalə Hüseynli, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı və digər QHT təmsilçiləri çıxış edərək "Şuşaya azadlıq" kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyət daşıdığını qeyd edərək təklif və rəylərini səsləndirmişlər.

Azay Quliyev toplantıda irəli sürülən hər bir təklifin diqqətlə öyrəniləcəyini bildirərək kampaniyanın qarşısında duran vəzifələrin daha səmərəli və sistemli şəkildə icra olunması üçün 4 əsas işçi qrupun yaradılmasını təklif etmişdir.

Müzakirələrdən sonra araşdırma və monitorinq, sosial şəbəkələr və media ilə iş, beynəlxalq əlaqələr, tədbir və proqramlar işçi qruplarının yaradılması məqsədəuyğun sayılmış və əlaqələndiricilər müəyyən edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə