"İraq Şam İslam Dövləti"nin (İŞİD) İraqda törətdiyi kütləvi qırğınlar, Suriyada keçirilən son prezident seçkilərində Bəşər Əsədin öz mövqelərini gücləndirməsi, Ukraynada davam edən vətəndaş qarşıdurması regionla bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəziləri bütün bu baş verənləri ABŞ-la Rusiyanın regiona nəzarət uğrunda mübarizəsinin tərkib hissəsi saysalar da, fərqli düşüncədə olanlar, problemlərin daxildən qaynaqlandığını düşünənlər də var.
Editor.az dünyada və regionda baş verən siyasi proseslərlə bağlı "Səs" Media Qrupunun rəhbəri, icmalçı Bəhruz Quliyevlə söhbətləşib.
İŞİD: Terrorizmin təşkilatlanması, yoxsa məqsədli yaradılan qurum…
Həmsöhbətimiz Bəhruz Quliyevlə söhbətə bugünlərdə yaradılan İraq Şam İslam Dövləti"nin (İŞİD) İraqda törətdiyi kütləvi qırğınlar və bunun səbəbləri ilə bağlı məsələyə aydınlıq gətirməklə körpü salırıq.
Bəhruz Quliyevin qənaətinə görə, İŞİD uzun müddətdir iqtisadi-siyasi problemlər məngənəsində üzən İraqın düşdüyü vəziyyətin məntiqi nəticəsi olaraq ortaya çıxıb: "O yerdə ki, daxili sabitlik yoxdur, ölkə faktiki olaraq öz müstəqilliyini itirib, müxtəlif güclərin poliqonuna çevrilib, həmin yerdə hər an hər bir fəlakət ocağı baş qaldıra bilər. Bu mənada İŞİD-in yaranması da təsadüfi sayıla bilməz. İraq vətəndaşları Səddam Hüseynin siyasi və fiziki süqutundan sonra azadlığa çıxacağını düşünsələr də, nəinki bu baş verdi, ölkə faktiki olaraq parçalanma həddinə gəldi. İraq bir dövlət olaraq idarəçilikdən çıxdı, müxtəlif terror qruplaşmaların oylağına çevrildi. İndiki halda İŞİD-in yaranması da bu prosesin ayrılmaz tərkib hissəsidir".
"Bəziləri İŞİD-in yaranmasını ABŞ-ın ssenarisi hesab edir. Siz də bu iddiaları bölüşürsünüzmü" sualına cavabında baş redaktor bu məsələyə münasibətdə ikili mövqeyin hökm sürdüyünü bildirdi: "İstənilən halda hər hansı terror qruplaşmasının yaranması bütövlükdə bəşəriyyətin faciəsidir. İŞİD-in yaranmasında ABŞ-ın rolu varmı, yoxsa yox, mən bu suala konkret cavab verməkdə çətinlik çəkirəm. Qənaətim ondan ibarətdir ki, ABŞ-ın İraqı öz nəzarətinə alması və indiki məqamda Malikinin istefasını tələb etməsi müəyyən qaranlıq mətləblərdən xəbər verir".
Ukrayna: Böhrandan xilas ola biləcəkmi?
"Pyotr Poroşenkonun hakimiyyətə gəlişindən sonra Ukraynada sabitlik bərqərar olacaqmı" sualına cavabında Bəhruz Quliyev söylədi ki, bu zaman məsələsidir: "Əvvəla bildirmək istəyirəm ki, Ukraynada baş verən hadisələr bu ölkənin daxili problemi səviyyəsindən çıxaraq, qlobal miqyas alıb. Heç kimə sirr deyil ki, "Məxməri inqilab"dan sonra Ukrayna ABŞ və Rusiya arasında soyuq müharibənin əsas subyektlərindən olub və son 10 ildə bu ölkədə üç dəfə olmaqla, Amerika və Rusiyanın adamları iqtidara yiyələnib. Son proseslərdə Rusiyaya yaxınlığı şübhə doğurmayan Viktor Yanukoviç hakimiyyətdə idi və onun açıq şəkildə Avropya inteqrasiya siyasətindən imtina etməsi belə bir sonluqla nəticələndi. Yəni bu ölkədə başlanan qarşıdurmanın özəyində "Ya Avropa, ya Rusiya" seçimi dayanırdı. Hazırda Ukrayna birqütblü siyasət yürütmək iqtidarında olmadığına görə, tezliklə böhranın aradan qalxacağı inandırıcı deyil".
Demokratiya: İkili standartlar, yoxsa cəlbedici bəhanə?
"ABŞ səfirliyinin, müxtəlif beynəlxalq təşkilatların Azərbaycanla bağlı mənfi hesabatları nədən qaynaqlanır" sualına cavab verən həmsöhbətimiz bildirdi ki, Azərbaycanın müstəqil siyasət yürütməsi bəzi dairələri narahat edir: "Fikir versək görərik ki, regionda müstəqil siyasət yürüdən, bütün dövlətlərlə məsafəli və uğurlu əməkdaşlıq yaradan yeganə dövlət Azərbaycandır. Bu isə heç şübhəsiz nə ABŞ-ın, nə də digərlərinin maraqlarına uyğun deyil. Onlar hər vəchlə inkişafda olan, dünya siyasətində özünəməxsus yer alan Azərbaycanı öz siyasi oyunlarına alət etmək istəyirlər. Buna nail ola bilmirlər deyə, təzyiq siyasətini işə salırlar. Hədəfləri də çox uğursuzdur. Leyla Yunus, Əli Kərimli, İsa Qəmbər… Əgər onlar bu adamlarla nəyəsə olacaqlarını düşünürsə, yanılırlar. İndiki halda Azərbaycan cəmiyyəti bu ssenarilərdən xəbərdardır və yalnız milli maraqları satmağa hazır qüvvələri oyuna gətirə bilirlər".
Azərbaycanda demokratik insitutlarının rahat fəaliyyət göstərdiyini, insan hüquq və azadlıqlarının qorunduğunu deyən Bəhruz Quliyev "Bizdə Quantonamo həbsxanası yoxdur" deməklə, demokratiya sahəsində Azərbaycanın Avropanı belə geridə qoyduğunu söylədi.
Azər Niftiyev
Editor.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB