Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və vitse-prezident, akademik İbrahim Quliyev Rusiyada keçirilən XXI Dünya Neft Konqresində iştirak ediblər. SİA-nın xəbərinə görə, Moskvada keçirilən iclasa Rusiya Federasiyası hökumət sədrinin müavini Arkadiy Dvorkoviç rəhbərlik edib.
Konqresə 90 ölkədən beş min nümayəndə qatılıb. İştirakçılar sırasında 50 ölkənin sənaye nazirləri, həmçinin "British Petroleum", "Shell", "Total", "Exxon Mobil" kimi böyük neft-qaz şirkətləri yer alıblar.
Konqresdə dünya energetika resurslarının hazırki vəziyyəti, neft bazarlarının inkişaf perspektivi və analizi, neftin istehsalı, saxlanılması və emalı sahəsində innovasiya texnologiyalarının tətbiqi, təbii qaz və alternativ enerji mənbələrindən istifadənin əhəmiyyəti, sənaye və ekologiyada sosial aspektlər kimi məsələlər müzakirə olub.
XXI Dünya Neft Konqresi çərçivəsində neft-qaz sərgisi də təşkil edilmişdir. Sərgidə dünyanın ən məşhur şirkətləri, energetika və neft nazirlikləri tərəfindən zamanın çağırışlarına hazırlıq, inkişaf perspektivi, sosial məsuliyyət və ətraf mühitə qayğını özündə əks etdirən işlər nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB