Mənzil dəllalının əli İmişli Rayon İcra Hakimiyyətinə qədər uzanır

"Fəqan-1" MMC-nin direktoru Rəşid Hüseynov deputat Əlağa Hüseynovaya arxalanıb, "burda mən, Bağdadda kor xəlifə" deyir
Mənzil dəllalının əli İmişli Rayon İcra Hakimiyyətinə qədər uzanır

Bu gün cəmiyyətdə narahatçılıq doğuran məqamlardan biri də tikinti şirkətləri ilə vətəndaşlar arasında ciddi problemlərin yaranmasıdır. Daha doğrusu, mənzil dəllallarının vətəndaşları aldadaraq, onların pullarını mənimsəməsi ictimaiyyət arasında, eləcə də mətbuatda müzakirə olunan əsas mövzulardandır. Demək olar ki, hər gün hansısa tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı məhkəmə çəkişməsinə, həmçinin KİV-də məlumatlara, qalmaqallara rast gəlmək olur.

Tikinti şirkətləri bir mənzili bir neçə vətəndaşa satırlar. Nəticədə 500 mənzilli binaya 1500-2000 nəfər iddia etmiş olur. Mübahisə yarandıqda isə, tikinti şirkətləri müxtəlif vasitələrlə aradan çıxmış olurlar. Bu yöndə kifayət qədər ciddi qanunvericilik bazasının olmaması mənzil dəllallarının sərbəst şəkildə əl-qol atmalarına imkanlar yaradır. İstisna hallarda fırıldaqçı şəxslərin bəzilərinə qarşı cinayət işi qaldırılır. Təəssüf ki, cinayət məsuliyyətinə cəlb olunan şəxslər təsisçilər və ya icraçılar deyil, 4-cü və 5-ci dərəcəli şəxslər olurlar.

"Dədəmin canı üçün, mənzilini verəcəyəm"

Zaur Qara oğlu Budaqov da mənzil dəllalının qurbanı olan şəxslərdəndir. Z.Budaqov "Fəqan-1" MMC-nin direktoru Rəşid Hüseynovun yağlı vədlərinə inanıb 2008-ci ilin 31 yanvarında mənzil almaq üçün ona ümumilikdə 16 min manat pul verib. Ancaq necə deyərlər, "it də gedib, ip də". Z.Budaqovun mənzil alıb, nəhayət, kirayələrdə qalmaq problemindən birdəfəlik qurtulmaq arzusu reallığa çevrilməyib. Ona-buna atmaqla "harın Rauf" adını qazanan Rəşid Hüseynov Z.Budaqovun dişi və dırnağı ilə qazandığı pullarını həzmi-rəbedən keçirməklə kifayətlənməyib, onu söyüb, təhqir etməkdən də çəkinməyir. Utanıb-çəkinmədən mənzillərini tələb edən vətəndaşlara "gedin kimə istəyirsiniz, şikayət edin, mənim arxamda deputat Əliağa Hüseynov, eləcə də İmişli icra hakimiyyətinin başçısı Vilyam Hacıyev dayanıb" deyə bildirib.

Z.Budaqovun qeyd etdiyinə görə, onlarla vətəndaş "Fəqan-1" MMC-nin direktoru Rəşid Hüseynovun fırıldağının qurbanı olub: "2008-ci ilin yanvarında tanıdığım Binəqədi rayon Hərbi Komissarlığında işləyən Səfər Hüseynov dedi ki, mənzil almaq üçün sənə kömək edərəm. Bildirdi ki, atası Rəşid Hüseynov tikinti şirkətinin sahibidir. Beləliklə, Rəşid Hüseynovla görüşdük. O, Akademik Həsən Əliyev küçəsində tikilən yeni binadan ona mənzil veriləcəyini vəd verdi. Dedi ki, "dədəmin canı üçün, sənə mənzil verəcəyəm". Mən də inandım. İlk dəfə 8500, sonrakı mərhələdə isə 7500 manat pul verdim. Ödədiyim pulların qəbzləri də məndədir".

Şikayətçi onu da yazır ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Nərimanov rayon prokurorluğuna müraciət edilsə də, müraciətləri cavabsız qalıb. Şikayətlərin cavabsız qalması vətəndaşlarda belə bir şübhələr yaradır ki, Rəşid Hüseynovu həqiqətən də kimlərsə himayə edir.

Səlim Məhərrəmov: "O, səviyyəsizin biridir"

Şikayət məktubunda adıçəkilən şəxslərin və qurumların da mövqeyini öyrənmək üçün ilk öncə İmişli Rayon İcra Hakimiyyətinə telefon açdıq. İcra hakimiyyəti başçısının müavini Səlim Məhərrəmov bizimlə söhbətində Rəşid Hüseynovu tanıdıqlarını ancaq onunla hər hansı bir əməkdaşlıqlarının olmadığını bildirdi: "Bina tikintisi üçün onun rəhbərlik etdiyi şirkətlə razılaşmamız oldu. Ancaq elə tikinti materiallarından istifadə olundu ki, bu da tikinti normalarına tamamilə zidd idi. Bu da razılaşmanın pozulmasına səbəb oldu. O, səfiyyəsizin biridir. İcra hakimiyyətinin bu tip səviyyəsizə dəstək verə bilməz".

Əlağa Hüseynov: "Sənədlər toplanıb, Baş prokurorluğa verilsin"

Millət vəkili Əlağa Hüseynov da cəmiyyətdə özünə fırıldaqçı kimi imic qazanan Rəşid Hüseynovu tanımaqdan imtina etdi. Bizimlə söhbətində bildirdi ki, adını birinci dəfə eşitdiyi şəxslə hər hansı bir əlaqəsi mövcud deyil: "Adımdan istifadə olunur. Yaxşı olardı ki, sənədlər toplanıb Baş prokurorluğa verilsin. Vətəndaşları aldatdığına görə, həmin sahibkar cəzasını alsın".

Artıq qorxulu şəxsə çevrilən Rəşid Hüseynovun əməlləri ilə bağlı redaksiyamıza daxil olan şikayətlər əsasında araşdırmalarımızı davam etdiririk. Növbəti sayımızda yenidən bu mövzuya qayıdacağıq. Bizi izləyin.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə