Nizami rayonunda "Gələcəyi qoruyaq" adlı tədbir keçirilib FOTOLAR

Nizami rayonunda "Gələcəyi qoruyaq" adlı tədbir keçirilib FOTOLAR

Nizami rayon İcra hakimiyyəti, YAP Nizami rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev adına park-bulvarda 26 İyun - Beynəlxalq Narkomaniyaya Qarşı Mübarizə Gününə həsr olunmuş "Gələcəyi qoruyaq" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Nizami rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı rayon Komissiyasının sədri Gülnaz İsrafilova bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"na əsasən, rayonda bir sıra məqsədə müvafiq tədbirlər həyata keçirilib: "Narkomaniya əsrin bəlasıdır", "Gənclər narkomaniyaya yox deyir", "Narkomaniya-ağ ölüm", "Sağlam bədəndə sağlam ruh olar", "Sağlam həyat tərzi seçirik, narkomaniyaya yox deyirik", "Narkomaniya bəşəriyyətin bəlasıdır" və digər mövzularda tədbirlər, diskussiyalar, açıq dərslər, inşa yazı müsabiqələri keçirilib, anket-sorğular və s. təşkil edilib".

G.İsrafilova deyib ki, görülən silsilə tədbirlərin davamı olaraq yeniyetmə və gənclərdə sağlam həyat tərzinin formalaşdırılması istiqamətində cari ilin may ayında rayon ümumtəhsil məktəblərində, məktəbdən kənar müəssisələrdə, eləcə də rayon ərazisindəki kolleclərdə təhsil alan şagird və tələbələr arasında rəsm müsabiqəsinə start verilib: "Müsabiqədə 200 nəfərə yaxın tələbə və şagird iştirak edib. Onlardan 30 nəfərin əl işi bugünkü tədbirdə nümayiş olunur".

Rayon İcra Hakimiyyəti başçısının müavini onu da diqqətə çatdırıb ki, müsabiqədə iştirak edənlər sırasında on nəfər qalibdir.

Tədbirdə çıxış edən Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev narkomaniyanın cəmiyyət üçün ağır bəla olduğunu və gənclərin, yeniyetmələrin bu məhvedici xəstəliyə düçar olmaması üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb. O, narkomaniyaya səbəb olan amillər və onların yaratdığı fəsadlara diqqəti yönəldib.

Tədbirdə çıxış edən Nizami rayon 70 saylı liseyin direktoru Nazim Qasımov, rayon 25 saylı polis bölməsinin nəzdində fəaliyyət göstərən ictimai şuranın sədri Zümrüd Səmədova narkotik vasitələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən, maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, narkomaniya həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur. Hamıya "ağ ölüm" kimi məlum olan narkomaniya insanları təkcə sağlam həyat tərzindən məhrum etmir, həm də cəmiyyətin inkişafına da mənfi təsir göstərir, eləcə də cinayətkarlığa zəmin yaradır.

Tədbirin sonunda müsabiqədə qalib olmuş azyaşlılara diplom və hədiyyələr verilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə