Mübariz İbrahimov anıldı TƏDBİR

Mübariz İbrahimov anıldı TƏDBİR

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, eləcə də Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, media təmsilçiləri Milli Qəhrəman Mübariz İbrahimovun vaxtilə xidmət etdiyi hərbi hissədə və hazırda onun adını daşıyan postda olublar. SİA-nın məlumatına görə,qonaqlar sözügedən istiqamətdə hərbi qulluqda olan əsgərlərlə görüşüb, onlarla fikir və düşüncələrini bölüşüblər.

Daha sonra hərbi xidmətdə fərqləndiyinə görə bir neçə hərbi qulluqçu müxtəlif hədiyyələrlə mükafatlandırlıb. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqib Abbasov bildirib ki, bu səfər 26 iyun Azərbaycan silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə Gənclər və İdman Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirin məqsədlərindən biri də, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.4 bəndinin icrasını reallaşdırmaqdır.

Xatırladaq ki, Azərbaycan Milli Qəhrəmanı gizir Mübariz İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına qoşunların təmas xəttinin Tərtər istiqamətində iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə