Mətbuat Şurasında internet mediada mövcud problemlərlə bağlı tədbir keçirilib FOTO
Bu gün Mətbuat Şurasında "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas götəricilərindən biri" kimi layihəsi çərçivəsində növbəti tədbirini keçirib. SİA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının idarə heyətinin üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli, "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin direktoru Əvəz Rüstəmov, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev və media nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq layihə barədə məlumat verən Əvəz Rüstəmov bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihəyə 4 aydır ki, start verilib: "Layihə çərçivəsində Gəncədə və Yevlaxda tədbirlər keçirilib. Layihənin əsas məqsədi internet media ilə bağlı problemləri və elektron mediada olan kəmiyyət və keyfiyyətin bir-biri ilə nə dərəcədə uzlaşmasını müzakirə etməkdir".
Mətbuat Şurasının idarə heyətinin üzvü Vüqar Rəhimzadə bildirib ki, internet hər kəsin həyatında əsas elementlərdən biridir.
Ölkəmizdə söz, mətbuat azadlığından danışan V. Rəhimzadənin sözlərinə görə, Azərbaycanda istənilən şəxs sərbəst şəkildə media orqanı təsis edə, fəaliyyət göstərə bilər: "Ölkəmizdə söz, mətbuat azadlığı var. İstənilən şəxs media orqanı təsis etmək imkanına malikdir. İnternet medianın inkişafı insanların şəxsi həyatına təsiri ilə bağlı danışmağa imkan yaradır. Bu gün elektron medianın üstünlüyünü görürük. Lakin çap, yazılı mətbuat hər zaman olub və olacaq da! Elektron media sadəcə məlumatların operativ şəkildə çatdırılmasında mühüm rola malikdir".
Mətbuat Şurasının sonuncu Qurultayında internet mediaya nəzarət edəcək komissiyanın yaradıldığını xatırladan V. Rəhimzadə söyləyib ki, bu gün əsas məqsəd internet medianın inkişafı ilə yanaşı, insanların hüquqlarını qorumaqdır: "Bu gün kifayət qədər insanların şəxsi həyatlarına müdaxilə edən, internet mediadan öz məqsədləri üçün istifadə edən elektron qəzet və saytlar var. Elektron mediada yalan, saxta məlumatlara rast gəlinir. Ona görə də hər bir jurnalist öz yazısına diqqət etməli, bu problemlərin aradan qaldırılması üçün çalışmalıdır".
Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli isə internetin insan həyatının bir parçası olduğunu dilə gətirib. O deyib ki, internetin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də mövcuddur: "İnternet mediasında ilk növbədə hüquqlar qorunmalıdır. İnternet bir çox problemlər yaratmağa qadirdir. Azərbaycanda 70 faizdən çox insan internet istifadəçisidir. İnkişaf Etmiş Ölkələrdə (İEÖ) isə bu rəqəm 80 faizi göstərir. Belə olan halda deyə bilərik ki, biz İEÖ sırasına yaxınlaşırıq. Lakin bu 70 faiz internet istifadəçilərinnin hamısı eyni intellektə, təhsil və düşüncə səviyyəsinə malik deyillər. Hər kəs öz düşüncəsinə görə, yazı yazır və paylaşır. Bu problemin aradan qaldırılması üçün dünyada konkret üsul yoxdur. Dünyanın müxtəlif ölkələri özünə görə, bu problemlərdən qorunmaq qabiliyyətinə malikdir. Ən demokratik yol isə Azərbaycandadır. Azərbaycan bu kimi problemlərin həlli üçün maaarifləndirmə üsulundan istifadə edir. Düşünürük ki, bu, ən düzgün yoldur və tezliklə həllini tapacaq".
Tədbirin davamında iştirakçılar internet mediada olan problemlərlə bağlı fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB