Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində "Azərbaycan gəncliyi və inkişaf modeli" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) nümayəndələri iştirak etmişlər.
YAP GB-dən bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını ifadə etmiş, abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
YAP Naftalan şəhər təşkilatı gənclər birliyinin sədri Aynurə Novruzova məruzə ilə çıxış edərək dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışmışdır. Gənclərin Naftalanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiyini xüsusi vurğulayan A.Novruzova YAP şəhər təşkilatının sıralarında 400-ə yaxın gənc olduğunu diqqətə çatdırmışdır.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov və digərləri çıxış edərək Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışlar. Çıxışlarda Prezident İlham Əliyevin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini uğurla həyata keçirməsi nəticəsində ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəallığının artdığını bildirmişlər. Həmçinin dövlət gənclər siyasətində gənclərin yeri və rolundan, onlarla bağlı həyata keçirilən proqramlardan söhbət açılmış, "Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə" Dövlət Proqramının əhəmiyyəti xüsusi vurğulanmışdır.
Tədbirdən sonra şəhərin fəal gənclərinə layihələrin hazırlanması, büdcə təhlili və donor təşkilatlarla işləmək qaydaları mövzusunda təlim keçirilmişdir.
YAP GB-nin layihələr üzrə əlaqələndiricisi Leyla Kərimovanın apardığı təlimlər iyunun 19-da başa çatacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB