Prezident İlham Əliyevin bölgələrdə vətəndaşların qəbulu ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bu gün vətəndaşlarla növbəti görüşünü Mingəçevir şəhərində keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, DSMF-nin Mingəçevir şəhər şöbəsinin inzibati binasında təşkil olunan qəbulda Fondun sədri Mingəçevir şəhərindən və Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarından olan sakinlərin müraciət və təkliflərini dinləyib.
Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.
Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 35-dək vətəndaşın müraciətinə baxılıb. "Açıq qapı" şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib.
E.Mehdiyevin vətəndaşlarla görüşü zamanı sosial sığorta və pensiya təminatı, o cümlədən pensiyaların məbləğinin yenidən hesablanması, sosial sığorta stajının müəyyənləşdirilməsi, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərə dair təklif və şikayətlər dinlənilib.
Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülüb, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyatı orqanlara müraciət edilməsi qərara alınıb.
Qəbulda iştirak edən sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayaraq, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB