Qax rayonunda arıçılıq kompleksi yaradılır

Qax rayonunda arıçılıq kompleksi yaradılır

Arıçılıq ölkəmizdə çox qədim tarixə malikdir. Son illər respublikamızda bu sahənin inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. SİA-nın məlumatına görə, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda arıçılığın inkişaf etdirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Bundan əlavə, arıçılığı daha da inkişaf etdirmək məqsədilə ölkəmizdə "Arıçılıq haqqında" Qanun qəbul edilib.

Qax rayonunun arıçıları da bu sahənin inkişafına öz töhfələrini verirlər. Hazırda rayonun Ləkit kəndi ərazisində "Delta Group" MMC-yə məxsus arıçılıq kompleksinin yaradılması istiqamətində işlər davam etdirilir.

Regionda bənzəri olmayacaq bu kompleksdə arı pətəyi, çərçivə və digər avadanlığın hazırlanması üçün taxta, arı mumundan şan təbəqəsinin hazırlanması üçün arı şanı sexləri və digər istehsal sahələri fəaliyyət göstərəcək. Kompleksin damazlıq bölməsində ana arılar və arı ailələri yetişdiriləcək. Ümumiyyətlə, müəssisədə 11 adda qablaşdırılmış arıçılıq məhsulları, o cümlədən bal, çiçək tozu, arı südü, orqanik bal və digər məhsullar istehsal olunacaq.

Kompleksdə turistlərin yerləşməsi və qalması üçün "Bal evi" də fəaliyyət göstərəcək. Burada turistlər bal məhsulları ilə əyani tanış olacaq, xüsusi monitorlarda balın hazırlanması prosesini izləyəcəklər.

Qeyd edək ki, gələcəkdə kompleksdə əlavə bölmələrin - arı pətəyinin içərisindəki hava ilə ağciyərin müalicəsi, arı mühitində arı energetikası ilə müalicə və bioloji fəal əlavələr istehsalı bölmələrinin yaradılması da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə