İyunun 17-də Lənkəranda tibb işçiləri günü təntənəli şəkildə qeyd olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdən əvvəl səhiyyə işçiləri Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyublar.
Əzəmətli "Şah Sarayı"nda keçirilən tədbiri giriş sözü ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev açaraq bayram təbriklərini söyləyib, Ulu Öndər Heydər Əliyevin səhiyyəmizin inkişafı ilə bağlı tarixi xidmətlərindən danışıb, hazırda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açıb.
A.Kəlbiyev həmçinin 2013-cü il sentyabrın 5-də Lənkərana tarixi səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak etdiyinə, Lənkəran səhiyyəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə bütün səhiyyə işçiləri adından minnətdarlığını bildirib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov peşə bayramı münasibətilə bütün səhiyə işçilərini təbrik edib, onlara ən səmimi arzularını çatdırıb.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dönmədən, uğurla davam etdirildiyini söyləyən İcra başçısı həkimlərin cəmiyyətimizin ən hörmətli və fədakar üzvləri olmasından, ağ xalatlı tibb işçilərinin sağlamlığımızın keşiyində həmişə ayıq və sayıq durmasından, ölkə başçısının Lənkərana göstərdiyi diqqət və qayğı nəticəsində rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərində səhiyyə işçilərinin layiqli əməyindən ətraflı danışıb.
Sonra səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə Lənkəran ŞİH-nin və MRX-nın fəxri fərmanları və hədiyyələri təqdim edilib.
Bayram tədbirində çıxış edən Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinin direktoru Malik Məmmədov, "Tərəqqi" medallı tibb işçisi Məmmədrahim Fərzullayev, Həmkarlar Təşkilatının sədri Həsənağa Cəbiyev, Ümumi terapiya şöbəsinin müdiri Siyasət Qasımov və başqaları çıxış edərək ürək sözlərini və bayram təbriklərini söyləyiblər.
Ziyafət stolu arxasında keçən və maraqlı konsert proqramı ilə müşayiət olunan bayram tədbiri hamıya xoş ovqat bəxş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB