Komada olan həmkarımızın köməyə ehtiyacı var!

Komada olan həmkarımızın köməyə ehtiyacı var!

"Dünən Bakı-Qazax yolunda ağır yol qəzasında yaralan jurnalist Anar Rəhimovun səhhəti ağır olaraq qalır". Bunu SİA-ya açıqlamasında jurnalistin dostu Ruslan Həsənov bildirib.

Onun sözlərinə görə, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən xəstənin səhhətində heç bir irəliləyiş yoxdur: "Başından ağır travma alıb və komadadır. Üz nahiyəsində əl vurmağa yer yoxdur. Çənəsi və burnu sınıb. Hətta qəzada FHN-in əməkdaşları xüsusi kəsici alətlərlə onu maşının içərisindən çətinliklə çıxara biliblər. Beyni açıqdır, çünki şişmə ehtimalı var. Sümükləri sındığına görə tikiş qoyulmayıb. Həkimlər gözləyirlər ki, sümüklər özünü bərpa etsin. Anarın səhhəti yaxşı olsa, yalnız bundan sonra ona plastik sümüklər qoyulacaq. Hazırkı vəziyyəti nəzərə alındığından, komadan ayılmasına icazə verilmir. Çünki ayılıb öskürə bilər və belə olduğu halda beyin fəaliyyətini itirə bilər".

O həmçinin vurğulayıb ki, jurnalistlər Səhiyyə Nazirliyinə müraciət ünvanlamaq niyyətindədirlər və hazırda bunun üçün lazım olan imzalar toplanılır.

Anarın adına hesab nömrəsinin açıldığını da deyən Ruslan Həsənov qeyd edib ki, Mərkəzi Kliniki Xəstəxana özəl olduğuna görə maddi yardım mütləqdir, çünki xəstənin ailəsinin maddi vəziyyəti elə də yaxşı deyil: "Anarın beyin əməliyyatı üçün kənar yerdən həkim dəvət olunub və ona 5 000 min manat pul verilib. Təbii ki, bundan sonra xəstəxananın xərcləri daha çox olacaq. Anar sağalandan sonra üzündə mütləq şəkildə plastik cərrahi əməliyyat olunmalıdır. Hazırda onun görmə ehtimalının itirib-itirməməsi də bilinmir. Çünki qəza nəticəsində sümük onun sağ gözünü zədələyib. Hər kəs dua edir ki, Anar tezliklə əvvəlki səhhətinə qovuşsun, çünki onun şikəst qalma ehtimalı var".

Xatırladaq ki, A. Rəhimov AzTV və Lider televiziyasında çalışıb. Bir müddət öncə isə Türkel TV-yə redaktor təyin olunub. O, Bakı-Qazax yolunun 375-ci kilometrliyində "VAZ" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobus toqquşması ilə nəticələnən dəhşətli yol qəzasında ağır yaralanıb.

Qeyd edək ki, gənc jurnalistə maddi yardım etmək istəyənlər R. Həsənovla (050-264-94-49) əlaqə saxlaya bilərlər. Eyni zamanda Anar Rəhimovun adına hesab açılıb. Maddi yardım etmək istəyənlər aşağıdakı şəkildən istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə