Səlim Müslümov işəgötürənlərə iyulun 1-nə kimi vaxt verdi xəbərdarlıq

Səlim Müslümov işəgötürənlərə iyulun 1-nə kimi vaxt verdi xəbərdarlıq

"Əmək Məcəlləsinin 49-cu maddəsinə edilən dəyişiklik nəticəsində əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hazırda sistem hazırdır, proqram təminatı məsələləri də həllini tapıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, iyulun 1-dən sistem tam fəaliyyətə başlayacaq: "Ehtimal ki, gələn həftə ictimaiyyət üçün bu məsələnin təqdimatı keçiriləcək. İyulun 1-nə qədər işəgötürənlərə qanun qüvvəyə minənə qədər bağlanmış müqavilələri üzrə bildirişlərin qeydiyyatdan keçirməsinə imkan verilib, yəni iyulun 1-dən bütün sistem qanun qüvvəyə minənə qədər bağlanmış müqavilələr üzrə hazır olmalıdır. Lakin bir qədər həmin bildirişlərin formalarının müəyyən edilməsi prosesi gecikib. Bu iyunun 6-da təsdiq edilib. Hesab edirəm ki, işəgötürənlərə müəyyən qədər vaxt verməli olacağıq ki, iyulun 1-dən sonrakı 3 ayda əvvəllər bağlanmış əmək müqavilələrinin bildirişlərini qeydiyyatdan keçirsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə