Bakıda İƏT-in Rəhbər Komitəsinin ilk iclası keçirilir Yenilənib-FOTOLAR
Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin ilk iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iki gün davam edəcək iclasda Komitəyə üzv ölkələrin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziya) aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, İƏT-in Katibliyi və tabe təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edir.
Tədbirə başlanmazdan öncə "Qurani-Kərim"dən ayələr oxunub.
İclası giriş sözü ilə açan Rəhbər Komitənin sədri, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirilən bu tədbirin İƏT Katibliyinin və üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına dayanıqlı və sistemli münasibətinin təzahürü olduğunu qeyd edib: "Rəhbər Komitənin bu ilk iclasının məqsədi Çərçivə sənədinin icrasının qiymətləndirilməsi, İƏT-in əmək nazirlərinin 2015-ci ildə İndoneziyada keçiriləcək növbəti Konfransına müvafiq hesabatın təqdim edilməsi, eləcə də ortaq maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparmaqdır. Çərçivə sənədinin əhatə etdiyi məsələləri, o cümlədən məşğulluğun səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması və əmək məhsuldarlığının artırılmasını İƏT-ə üzv dövlətlər üçün ortaq maraq kəsb edən məsələlər hesab etmək olar".
Nazir İƏT-in əmək nazirlərinin 2015-ci ildə İndoneziyada keçiriləcək növbəti konfransında sözügedən Əmək Mərkəzinin yaradılması ilə bağlı qərar qəbul ediləcəyinə əminliyini bildirib və iclasın işinə uğurlar arzulayıb.
İƏT-in Baş Katibinin iqtisadi məsələlər üzrə yardımçısı səfir Hameed A. Opeloyeru bu tədbirin İƏT çərçivəsində əmək, məşğulluq və sosial müdafiə kimi aktual bir sahədə də əməkdaşlığın güclənməsinin bariz ifadəsi olduğunu vurğulayıb. H.A.Opeloyeru bu əməkdaşlığın İƏT-ə üzv ölkələrin müvafiq fəaliyyət sahələrində inkişaf meyllərinə dəstək rolu oynayacağına və iclasın öz qarşısında duran məsələləri uğurla yerinə yetirəcəyinə əminliyini bildirib.
Daha sonra iclasın gündəliyi və iş proqramı qəbul edilib.
İclasın işçi sessiyasında Rəhbər Komitənin üzvləri tərəfindən əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutan Çərçivə sənədinin icrası məqsədilə hazırlanan Fəaliyyət Planının müzakirəsinə başlanılıb.
İclas çərçivəsində Dövlət Məşğulluq Xidmətləri üzrə Şəbəkəyə dair müzakirələr də aparılacaq, İƏT-in Əmək Nazirlərinin növbəti konfransına təqdim olunmaq üçün hesabat və İcra Proqramının layihəsi nəzərdən keçirilərək qəbul olunacaq.
Xatırladaq ki, İƏT-in əmək nazirlərinin ötən il Azərbaycanda keçirilən ikinci konfransında qəbul olunan Əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə Çərçivə Sənədi Təşkilata üzv ölkələr arasında həmin sahələrdə uzunmüddətli əməkdaşlıq prioritetlərini əhatə edir. Sənədin icrası işlərinin əlaqələndirilməsi məqsədilə yaradılan Rəhbər Komitəyə Azərbaycan da daxil olmaqla İƏT-in üzvü olan 9 ölkə daxildir. İƏT-in əmək nazirlərinin gələn il keçiriləcək növbəti konfransına qədər Rəhbər Komitəyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sədrlik edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB