Nazir: "İƏT və üzv dövlətlər dəfələrlə Ermənistana qarşı sərt bəyanatlar səsləndiriblər"

Nazir: "İƏT və üzv dövlətlər dəfələrlə Ermənistana qarşı sərt bəyanatlar səsləndiriblər"

"Son illərin qlobal iqtisadi-maliyyə böhranının İƏT-ə üzv dövlətlərin əmək bazarına təsirsiz ötüşməyib, bir sıra dövlətlərdə çoxsaylı iş yerlərinin bağlanmasına səbəb olub". SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin ilk iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, hazırda dünyanın digər inkişaf etmiş regionları ilə müqayisədə İƏT regionunda ümumi və ayrı-ayrı əhali qrupları üzrə məşğulluq səviyyəsi aşağı olaraq qalır: "Məsələn, 2012-ci ildə dünya üzrə gənclərin işsizlik səviyyəsi 12.6 faiz olduğu halda, İƏT ölkələri üzrə orta göstərici 15.6 faiz olub".

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin dinamik sosial-iqtisadi tərəqqisini stimullaşdıran uğurlu siyasəti qeyri-neft sektorunun və regionların inkişafı şəraitində yeni iş yerlərinin açılması, səmərəli məşğulluğun təminatı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işsizliyin və yoxsulluğun azaldılması sahələrində də mühüm nailiyyətlərə səbəb olub: "Son 10 ildə ölkənin ÜDM-i 3.4 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,6 dəfə artmış, iqtisadiyyata qoyulan investisiyaların həcmi 132 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb. Habelə, 1 milyon 200 mindən çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 45 faizdən 5.3 faizə enib, əhalinin gəlirləri 6.5 dəfə çoxalıb. Qazanılan iqtisadi uğurlara nüfuzlu beynəlxalq institutlar və reytinq təşkilatları tərəfindən də yüksək qiymət verilir. Bunun daha bir ifadəsi kimi, 2013-cü ildə "Qlobal Rəqabətlilik Hesabatı"na əsasən, Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə olmuş və bu hesabatda ölkəmiz 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə yüksəlib".

Bununla belə, Ermənistanın Azərbaycana hərbi təcavüzünün ölkəmizin iqtisadi-sosial inkişafında böyük maneə olduğunu vurğulayan S. Müslümov bu təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib: "Eyni zamanda, ölkə iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəyib, minlərlə infrastruktur obyekti dağıdılmış, iqtisadiyyatın inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalıb. Biz məmnunuq ki, İslam Əməkdaşlıq Təşkilatı və üzv dövlətlər dəfələrlə Ermənistanın işğalçı siyasətinə qarşı sərt bəyanatlar səsləndirib və birmənalı mövqe nümayiş etdiriblər".

Bütün xəbərlər Facebook səhifəmizdə