Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Rəhbər Komitəsi Bakıda ilk iclasını keçirir. SİA-nın xəbərinə görə, tədbirdə Komitəyə üzv ölkələrin aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmilərinin, İƏT-in Katibliyi və tabe qurumların, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edir.
Tədbirə başlamazdan öncə "Qurani-Kərim"dən ayələr oxunub.
İlk olaraq çıxış edən Rəhbər Komitənin sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu tədbirin İƏT Katibliyinin və üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına dayanıqlı və sistemli münasibətinin təzahürü olduğunu qeyd edib: "İclasın məqsədi Çərçivə sənədinin icrasının qiymətləndirilməsi, İƏT-in əmək nazirlərinin 2015-ci ildə İndoneziyada keçiriləcək növbəti konfransına müvafiq hesabatın təqdim edilməsi, eləcə də ortaq maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparmaqdır".
Sənədin icrasının əlaqələndirilməsi məqsədilə yaradılan və İƏT-ə üzv 9 ölkənin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziya) aidiyyətli dövlət qurumlarının təmsil olunduğu Rəhbər Komitəyə 2015-ci ildə İndoneziyada keçiriləcək əmək nazirlərinin növbəti konfransına qədər Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sədrlik edir.
İclasda Rəhbər Komitənin üzvləri tərəfindən əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutan Çərçivə sənədinin icrası məqsədilə hazırlanmış Fəaliyyət Planının müzakirəsi və İƏT-in Əmək Nazirlərinin növbəti konfransına müvafiq hesabat təqdim edilib.
Məlumat üçün bildirək ki, İƏT-in əmək nazirlərinin ötən il ölkəmizdə keçirilən ikinci konfransında qəbul olunan Əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə Çərçivə Sənədi Təşkilata üzv ölkələr arasında həmin sahələrdə uzunmüddətli əməkdaşlıq prioritetlərini nəzərdə tutur.
Qeyd edək ki, tədbir 2 gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB