Milli Qurtuluş günü ilə əlaqədar Səbail rayonunda imkansız ailələrə yardım edilib

Milli Qurtuluş günü ilə əlaqədar Səbail rayonunda imkansız ailələrə yardım edilib

Milli Qurtuluş gününə həsr olunan tədbirlər çərçivəsində növbəti tədbir Səbail rayonun Bayıl yaşayış sahəsində Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qızıl Aypara və digər ictimai təşkilatların, bayram ərəfəsində ərazidə böyük abadlıq işlərinin aparılmasında iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. SİA-nın xəbərinə görə, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibəti ilə təbrik edərək qeyd edib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyətli Heydər Əliyevin adı ilə bağlıdır.

Yavər Allahverdiyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat verib: "Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. 20 il öncə bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – Bu Heydər Əliyevdir".

Bayramla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələrə- şəhid, əlil və aztəminatlı ailələrin üzvləri, rayon təsərrüfat xidmətlərinin işçiləri ümumilikdə 1000 nəfər üçün ərzaq bağlamaları hazırlanıb və bu tədbirdə onlar paylanılıb.

Tədbirdə çıxış edən Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Qarabağ əlilləri, şəhid ailələri və veteranları cəmiyyəti Səbail rayon şöbəsinin sədri Bəyverdi Novruzov və başqaları bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə