Kürdəmirdə Milli Qurtuluş Günü qeyd edilib

Kürdəmirdə Milli Qurtuluş Günü qeyd edilib

Kürdəmir şəhərindəki Heydər Əliyev parkında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə geniş bayram tədbiri təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivi, ictimaiyyətin nümayəndələri və sakinlər əvvəlcə xalqımızın ulu öndəri Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını bildirmiş, abidəsi önünə gül dəstələri qoyublar.

Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov tədbirdə çıxış edərək bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan onu yenidən itirmək təhlükəsi ilə üzləşəndə ulu öndər Heydər Əliyev xalqının taleyinə biganə qala bilməyib. Milyonların təkidli çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider respublikanı parçalanmaq təhlükəsindən xilas etmiş, ölkəni sürətli inkişaf yoluna çıxarıb. Həmin tarix çağdaş tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada söz sahibi olan ölkəyə, Cənubi Qafqazın lider dövlətinə çevrilib.

C.Cəfərov Azərbaycan Prezidentinin sərəncamları ilə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı və "Tərəqqi" medalı ilə təltif olunmuş Şahalı Şıxəliyevə və Həmid Abbasova təbriklərini çatdırmış, onlara mükafat və qiymətli hədiyyələr təqdim edib.

Qeyd edək ki, tədbir rayonun incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə