Azərbaycanın Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsindədirlər

Azərbaycanın Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsindədirlər

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə "Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları" İctimai Birliyi ilə birlikdə Silahlı Qüvvələrdə tədbirlərin təşkilinə dair təşkilat komitəsi yaradılmış və tədbirlər planı təsdiq edilmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, plana əsasən, İctimai Birliyin sədri və təşkilat komitəsinin həmsədri Məhəmməd Vəliyevin rəhbərlik etdiyi Əfqanıstan müharibəsi iştirakçılarından ibarət qrup cəbhə bölgəsindədir.

Onlar hərbi hissələrdə döyüşçülərlə görüşür, cəbhə xatirələrindən danışır və şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi üçün öz səylərini əsirgəmirlər.

Bu günlər ərzində onlar Goranboy, Ağdam bölgələrində ön səngərlərdə Vətən torpaqlarının keşiyini çəkən əsgərlərlə görüşmüş, onlara xatirə hədiyyələri təqdim etmişlər.

Əfqanıstan və Qarabağ müharibəsi iştirakçılarından, Binəqədi və Ağdam rayon Əfqanıstan müharibəsi veteranları təşkilatlarının sədrləri Məhəddin Rüstəmov, Rəfael Zeynalov, Ayxan Məmmədov, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev çıxış etmiş və Azərbaycan Ordusunun bugünkü qüdrətindən, gücündən qürur duyduqlarını bildirmiş və hər an Silahlı Qüvvələrin şəxsi heyəti ilə birlikdə Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan etmişlər.

İctimai Birliyin sədri Məhəmməd Vəliyev xidmətdə fərqlənən bir qrup zabitə xatirə medalları təqdim etmişdir.

Cəbhə bölgəsindəki hərbi hissələrdən birində, ön xətdə Müdafiə Nazirliyinin nəşr etdirdiyi "10 il Heydər Əliyevin adı ilə" kitab- albomunun və Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin "Vətən, sənin əsgərinəm" kitabının təqdimat mərasimi keçirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə