"Harley Devidson HOG Bakı" klubu 23-cü "Avropa Harley Ralli" festivalında bir neçə vacib görüşlər keçirmiş və toplantılarda iştirak etmişdir. Azərbaycan nümayəndə heyəti "Harley Davidson"un Avropa nümayəndəliyi tərəfindən mükafatlandırılmışdır.
SİA ANS TV-yə istinadla xəbər verir ki, bunu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirmişdir.
"Beynəlxalq Harley" sahiblərinin konqresinin toplantısında Azərbaycan baykerləri festivalda ən fəal və ən uzun məsafə (10 min kilometr) qət etdiklərinə görə birinci yerə layiq görülmüş, diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Toplantıda gələcəkdə ümumavropa festivalının Azərbaycanda keçirilməsi məsələsi müzakirə olunmuş və 2015-ci ildə bu barədə xüsusi qərarın qəbul ediləcəyi vurğulanmışdır. Azərbaycan nümayəndə heyəti Rusiya, Fransa, İngiltərə, Polşa və Türkiyədə keçiriləcək festivallara dəvət almışdır.
Milli Qurtuluş Günü münasibətilə motoyürüşə çıxan azərbaycanlı baykerlər Zaqrebdə ilk dəfə olaraq "Harley Devidson" festivalında iştirak etmişlər. Onlar Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan haqqında Heydər Əliyev Fondunun təqdim etdiyi broşürləri və kitabları paylamışlar.
Motoyürüşün əhəmiyyətindən danışan Vahid Mustafayev aksiyanın müvəffəqiyyətlə keçirildiyini qeyd etmişdir. Biz konqres tərəfindən tanındıq və qeydə alındıq. "HOG Bakı" klubu olaraq Milli Qurtuluş Günü münasibətilə Avropada Azərbaycanın təbliğinə töhfə verməyə çalışdıq. Düşünürəm ki, Avropa, Amerika və digər qitələrdən Xorvatiyaya gələn qonaqların arasında çox böyük təbliğat işləri aparmağa və Azərbaycanı daha yaxşı tanıtmağa müvəffəq olduq. Azərbaycanın dərdi olan Xocalı faciəsi haqqında Heydər Əliyev Fondunun hazırladığı broşürləri onlara payladıq. Bundan əlavə, iştirakçılara Azərbaycanın bugünkü inkişafı haqqında məlumat verdik. Bu motoyürüşün bütün iştirakçıları adından Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edir, ölkəmizi həmişə müstəqil və firavan görməyi arzulayırıq.
"Azərbaycanı Avropada tanıdaq!" devizi ilə keçirilən motoyürüş iyunun 7-də Bakıdan start götürmüş və Zaqrebdə başa çatmışdır. On min kilometrik motoyürüş "Harley Devidson HOG Baku" klubunun təşkilatçılığı və ANS-in informasiya dəstəyi ilə keçirilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB